Naxçıvanın ən innovativ layihələri müəyyən olundu

naxcivanin-en-innovativ-layiheleri-mueyyen-olundu
Oxunma sayı: 1643

Naxçıvan Muxtar Respublikasında 2018-ci ildən etibarən icrasına başlanan “I2B-İdeyadan Biznesə” layihəsi çərçivəsində ikinci dəfə startap turu təşkil olunub.

"Qafqazinfo"ya daxil olan məlumata görə, Naxçıvan Universitetində reallaşdırılan tədbirə 100-dən çox gənc qatılıb.

Tədbirdə Naxçıvan Rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov, “Naxçıvan” Universitetinin rektoru İsmayıl Əliyev, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri iştirak edib.

Tədbirin informativ hissəsində məlumat verilib ki, ötən müddət ərzində Naxçıvan Rabitə və Yeni Texnologiyalar Nazirliyi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Azercell” və “Microsoft” şirkəti ilə birgə həyata keçirilən “I2B-İdeyadan Biznesə” layihəsinin təcrübəsindən yararlanaraq Muxtar Respublikada startap hərəkatının genişləndirilməsi istiqamətində bir sıra tədbirlər reallaşdırıb.

Ekspert qrupu tərəfindən “I2B-İdeyadan Biznesə” startap turunun Naxçıvan mərhələsində iştirak etmək üçün 31 layihədən 15-i seçilib. 

Daha sonra ideyalar münsiflər heyəti qarşısında təqdim edilib.

Nəticədə Naxçıvan şəhəri üzrə 1-ci, 2-ci və 3-cü yerlərin qalibləri müəyyənləşib. Müvafiq olaraq  “Peşəkar”, “Caravan Company”, “Pay Port” layihələri qalib seçiliblər. Komandaların yüksək hazırlığını nəzərə alaraq, hər 3 komanda Bakıda keçiriləcək Milli Finala dəvət edilib.

Xatırladaq ki, Naxçıvanın “Noahland” komandası ötənilki startap müsabiqəsinin Respublika finalında 3-cü yerə çıxmışdı.