“Nazik cizgini peşəkarlıqla müəyyən etməlisiz” - Fotolar

nazik-cizgini-pesekarliqla-mueyyen-etmelisiz
Oxunma sayı: 2363

"Burada hər şey bəllidir. Ona görə sizin üçün yeni bir şey deməyəcəyik. Qarşıdan gələn 11 aprel seçkiləri ilə bağlı həyata keçirilən bu proseslər kütləvi informasiya vasitələrinin rolu, vəzifəsi və məsuliyyətini bir daha Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərlərinə çatdırmaqdan ibarətdir". 

"Qafqazinfo" xəbər verir ki, bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Seçkilərdə KiV-in rolu" mövzusunda keçirilən müşavirədə deyib.

O qeyd edib ki, Seçki Məcəlləsində bununla bağlı dörd punkt göstərilib: "Hər bir seçki üç mərhələdən ibarətdir.Təbliğata qədərki, təbliğat dövrü və seçki prosesinin başlanması, keçirilməsi və nəticələrin elan olunması.Hər dövr üçün Seçki Məcəlləsində KİV-in rolu və vəzifəsi göstərilib. Ancaq biz Məcəllənin tələblərini təkrar-təkrar sizin diqqətinizə çatdırmaq istəyirik. Bu gündən Azərbaycan cəmiyyətində seçki ilə bağlı iki mühüm obyekt və subyekt var. Birincisi, ilk növbədə namizədlərdir. Yəni, ilk növbədə diqqət mərkəzinə çıxan  namizəddir, onun platformasıdır. Hər bir namizəd fikirlərini ilk növbədə kütləvi informasiya vasitələriylə kütləvi şəkildə əhaliyə çatdırmalıdır. Seçki Məcəlləsinin  tələblərinə uyğun olaraq debatlar şəklində televiziyalarda da  çıxış etrməlidir. Mərkəzi Seçki Komissiyası namizədlərin arzularını nəzərə alaraq efir vaxtını hamının baxa biləcəyi saatlarda yəni, saat  21-23 aralığında müəyyən edib. Hesab edirəm ki, bu kifayət qədər münasib vaxtdır.

Radio debatları 19:00-da keçiriləcək. Lakin telekanallarda vaxt elə seçilib ki, hər kəs rahatlıqla televiziya qarşısında oturub debatları izləyə biləcək. Namizədlərin çıxışını əhaliyə yenə də kütləvi informasiya vasitələri çatdıracaq. Bununla yanaşı namizədlər bölgələrdə canlı görüşlər keçirəcəklər. Lakin həmin görüşlərə namizədin fəaliyyətindən asılı olaraq bir qisim insan toplamaq mümkündür. Oradakı görüşləri də cəmiyyətə Kütləvi informasiya Vasitəsi çatdıracaq. Seçkilərdə kütləvi informasiya vasitələrinin rolu namizədlərin rolu qədərdir. Namizədlərin əhaliyə çatdırmaq istədikləri proqram, hədəfləri onlar ictimaiyyətə çatdırır.

İkinci məqam, seçkilərdə Kütləvi İnformasiya Vasitələrinin rolu Seçki Məcəlləsinə uyğun tənzimlənir.

Bu işi peşəkarcasına etmək lazımdır. Öz rolunuzu icra edərkən ilk növbədə peşəkarlığınıza, daha sonra isə Seçki Məcəlləsinin tələblərinə uyğun hərəkət etməlisiniz. Hər bir namizədə bərabər imkanlar tanınmalıdır. Vahid qiymət sxeması müəyyən olunmalıdır. Sizin bu işi yerinə yetirməyinizdən asılı olaraq medianın namizədlərə necə şərait yaratması barədə mühit formalaşacaq. Gördüyünüz işin məsuliyyətini dərk etməlisiniz. Məcəllənin tələblərinin pozulmamasına çalışmalısınız. Üç-dörd mərkəzdən seçkilərdə KİV-in rolu müşahidə olunacaq və qiymətləndiriləcək. Bütün seçki müşahidə missiyaları  bu barədə öz fikrini bildirəcək. Əlbəttə, namizədlərdən biri ölkə başçısıdır. Ölkə prezidentinin fəaliyyətinin işıqlandırılması ilə fəaliyyətin təbliğ olunması arasında nazik cizgini peşəkarcasına düzgün müəyyən etməlisiniz. Sizin peşəkarlığınızdan asılıdır ki, ölkə prezidentinin keçirdiyi tədbirləri ilə seçki təbliğatı qarışdırılmasın ki,  müşahidə missiyasının nümayəndələri qanun, məcəllə pozuntusu tapmasınlar.  Hər bir kütləvi informasiya vasitəsi həmdə kommersiya strukturudur. Odur ki, namizədlər sizə bununla bağlı müraciət edəcəklər. Birisi üçün yaratdığınız şəraiti digərləri üçün də yaratmağa məcbursunuz".

Günel Türksoy

Fotolar: Nuran Məmmədov