Nazir alman direktorla məşğulluq məsələsini müzakirə etdi

nazir-alman-direktorla-mesgulluq-meselesini-muzakire-etdi
Oxunma sayı: 1855

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Alman-Azərbaycan Xarici Ticarət Palatasının (“AHK-Azərbaycan”) nümayəndə heyəti ilə görüş olub.

“Qafqazinfo” xəbər verir ki, görüşdə nazir Sahil Babayev xarici şirkətlərin ölkəmizdə fəaliyyəti üçün əlverişli şərait yaradıldığını bildirib.

S.Babayev əmək bazarının tənzimlənməsi, aktiv əmək bazarı proqramlarının icrası və genişləndirilməsi, məşğulluq xidmətlərinin keyfiyyətinin artırılması, qeyri-formal məşğulluğun qarşısının alınması sahələrində görülən işlər barədə məlumat verib.

Nazir bildirib ki, 120-dən artıq üzv şirkətin əhatə olunduğu “AHK-Azərbaycan” ilə əmək və məşğulluq sahəsində əməkdaşlığa da xüsusi önəm verilir. Xüsusilə işçilərin sosial sığorta, aktiv əmək bazarı proqramlarının hazırlanması və icrası sahələrində Palata ilə fəal əməkdaşlığın qurulmasının faydalı olduğu vurğulanıb.

S.Babayev yaradılması nəzərdə tutulan məşğulluq portalında ölkəmizdəki alman şirkətləri tərəfindən də vakansiyaların yerləşdirilməsi, işçi qüvvəsinə olan tələblərin qeyd olunması bu işlərə müsbət dəstək ola bilər.

“AHK-Azərbaycan”nın icraçı direktoru Tobias Bauman əmək və məşğulluq sahələsində aparılan islahatlarda hər zaman nazirliklə əməkdaşlığa hazır olduqlarını bildirib. O, Palatanın bütün mümkün əməkdaşlıq istiqamətlərində birgə işlərin yerinə yetirilməsini təmin edə biləcəyini qeyd edib.