Nazir “Azərbaycan” qəzetinin redaksiyasında - Fotolar

nazir-azerbaycan-qezetinin-redaksiyasinda
Oxunma sayı: 1536

Sentyabrın 13-də mədəniyyət naziri Əbülfəs Qarayev “Azərbaycan” qəzetinin redaksiyasına gələrək qəzetin fəaliyyətə başlamasının 100 illiyi münasibətilə kollektivi təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə çıxış edən qəzetin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti tarixinin öyrənilməsində “Azərbaycan” qəzetinin də böyük rolu var. Qəzetin 1920-ci ilə qədərki saylarında Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatı geniş əks olunub: “İlk nömrəsi 1918-ci il sentyabrın 15-də Gəncədə Azərbaycan dilində nəşr olunan qəzet azərbaycançılıq məfkurəsinin təbliğinə böyük önəm verib. 1918-1920-ci illər ərzində qəzetdə Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatı haqqında məlumatlar dərc edilib. Mətbu orqan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fəaliyyətini də geniş işıqlandırıb”.

Görüşdə çıxış edən Əbülfəs Qarayev “Azərbaycan” qəzetinin ölkəmizin mətbuat tarixində tutduğu önəmli mövqedən danışıb, kollektivi əlamətdar yubiley münasibətilə təbrik edib: “Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan “Azərbaycan” qəzeti milli dövlətçilik məfkurəsinin möhkəmləndirilməsində, xalqımızın azadlıq ideallarının, mədəniyyətinin, irsinin yaşadılması və təbliğində müstəsna rol oynayıb. Bu qəzetin işıq üzü görməsi Bakının bolşevik-daşnak işğalından azad edilməsi, müstəqil Azərbaycanın öz paytaxtına qovuşması ilə eyni günə təsadüf edir. İndi həmin şanlı tarixin təntənəli şəkildə qeyd olunması üçün paytaxtımızda böyük hazırlıq işləri görülür”.

Nazirin sözlərinə görə, “Azərbaycan” qəzeti həmçinin mədəniyyətimizin inkişafı və təbliğini də daim diqqətdə saxlayır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə ölkəmizdə, eləcə də xaricdə reallaşan mədəniyyət layihələri qəzetdə geniş əksini tapır. Azərbaycanda uğurla gerçəkləşən beynəlxalq festivalların, digər irimiqyaslı mədəni tədbirlərin qəzetdə dolğun şəkildə işıqlandırılması da məmnunluq doğurur.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.