Nazir festivalda - Fotolar

nazir-festivalda
Oxunma sayı: 2092

Sentyabrın 6-da Özbəkistanın Şəhrisəbz şəhərində I Beynəlxalq muğam (makom) sənəti forumu işə başlayıb. Müxtəlif ölkələrdən rəsmi şəxslərin, muğam sənəti tədqiqatçıları və ifaçıların qatıldığı tədbirdə Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.

“Qafqazinfo” xəbər verir ki. heyətə Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin sektor müdiri Tamerlan Axundov, eləcə də ölkəmizin sənətşünas alimləri, musiqiçiləri daxildir.

UNESCO-nun himayəsi altında keçirilən beynəlxalq forumun təşkilatçısı Özbəkistan Mədəniyyət Nazirliyidir. Özbəkistan Prezidentinin fərmanı ilə özbək milli incəsənətinin və muğamın gələcək inkişafı üzrə tədbirlərə əsasən təşkil edilən forumun ənənəvi olaraq iki ildən bir keçirilməsi nəzərdə tutulub.

Oksaray meydanında keçirilən açılış mərasimində iştirak edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də iştirak edib. 
Sentyabrın 10-dək davam edəcək forum çərçivəsində “Makom musiqi sənəti və onun dünya sivilizasiyasındakı yeri” mövzusunda elmi-praktik konfrans, habelə yerli və xarici ifaçıların solo konsertləri, musiqi alətləri, geyim, təsviri sənət, audio və video disk, kitab, albom və s. ibarət sərgilərin keçirilməsi planlaşdırılır.