Nazir geniş kollegiya iclası keçirdi - Foto

nazir-genis-kollegiya-iclasi-kecirdi
Oxunma sayı: 2651

Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda verdiyi tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib.
 
Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, qurumun struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş iclasda iqtisadiyyat naziri, kollegiyanın sədri Ş. Mustafayev vurğulayıb ki, ölkədə davamlı inkişafın təmin olunmasında regionların sosial-iqtisadi inkişafı dövlət proqramları mühüm əhəmiyyət kəsb edir. 2004-cü ildən uğurla icra olunan bu proqramlar şəhər və rayonların simasını köklü şəkildə dəyişib, regionların potensialının, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə şərait yaradıb. 2017-ci ildə regionların inkişafına 4,5 milyard manat vəsait yönəldilib, dövlət başçısı bölgələrə etdiyi 30-dan çox səfər çərçivəsində müxtəlif təyinatlı 130-dək obyektlə tanış olub, açılış və təməlqoyma mərasimlərində iştirak edib, tapşırıq və tövsiyələrini verib. Dövlət başçısının imzaladığı 74 Sərəncamla şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə 368 milyon manat vəsait ayrılıb. Ümumilikdə, 2004-2017-ci illərdə regionların inkişafına 67,5 mlrd. manat (77,8 mlrd. dollar) vəsait yönəldilib.
 
2017-ci ildə regionlarda bir sıra sənaye müəssisələri açılıb, mövcud müəssisələrin istehsal gücü artırılıb, mühüm sənaye obyektlərinin tikintisinə başlanıb, sənaye parkları və məhəllələrinin təşkili işləri davam etdirilib. Ötən il 1300 km-ə yaxın avtomobil yolu, 24 körpü və yolötürücüsü tikilib və ya təmir olunub. 863 km kənd yolu inşa olunub, 3 su və 1 günəş elektrik stansiyası, 1500-dən çox transformator və 56 yarımstansiya istifadəyə verilib, 2100 km-dən çox qaz xətti çəkilib və ya əsaslı təmir olunub, 20 rayon üzrə 67 yaşayış məntəqəsi təbii qazla təmin edilib, qazlaşdırma səviyyəsi 93%-ə çatdırılıb. Həmçinin, regionlarda 1200 km-dən çox su, 383 km kanalizasiya xətti çəkilib, 38 içməli su artezian quyusu qazılıb və ya təmir olunub, 29 su anbarı inşa edilib, 103 yaşayış məntəqəsində modul tipli sutəmizləyici quraşdırılıb, suvarma üçün 248 subartezian quyusu qazılıb.
 
Dövlət başçısının Azərbaycan vətəndaşının rifahının daha da yüksəlməsinə istiqamətlənmiş sosial-iqtisadi siyasətinə uyğun olaraq, bütün sosial layihələr icra edilib, regionlarda 121 məktəb, o cümlədən 106 modul tipli məktəb, 22 uşaq bağçası, 22 səhiyyə, 6 idman, 37 mədəniyyət və digər sosial obyekt tikilib və ya əsaslı təmir olunub, 2300 məcburi köçkün ailəsi yeni evlərə, mənzillərə köçürülüb.
 
Kollegiya iclasında diqqətə çatdırılıb ki, prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda proqram çərçivəsində görülən işləri yüksək qiymətləndirib, qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirib.

Dövlət başçısının sənayenin inkişafı ilə bağlı tapşırıqlarının icrası ilə əlaqədar İqtisadiyyat Nazirliyi tərəfindən görülən və nəzərdə tutulan tədbirlər barədə məlumat verən Ş. Mustafayev sənaye parkları və məhəllələrinin təşkili və genişləndirilməsi işlərinin, eləcə də digər rayonlarda yeni sənaye parkları və məhəllələrinin yaradılması imkanlarının araşdırılmasının sürətləndirilməsi, sənaye zonalarına yeni rezidentlərin cəlb olunması barədə Nazirliyin müvafiq qurumlarına konkret  tapşırıqlar verib.
 
Kollegiya iclasında qeyd olunub ki, dövlət başçısının tapşırığına uyğun olaraq, Bakı Dəniz Ticarət Limanının tikintisi uğurla davam edir. Limanın birinci mərhələsi üzrə işlər bu ilin may ayınadək başa çatdırılacaq və bu fazada liman 15 milyon ton yük buraxılış qabiliyyətinə malik olacaq. İkinci mərhələdə limanın imkanları 25 mln. ton yükə və 500 min konteynerə çatacaq, növbəti mərhələdə isə 1 milyon konteynerədək artacaq. Paralel olaraq Ələt Azad Ticarət Zonasının təşkili istiqamətində də müvafiq tədbirlər görülür.

“Azərxalça” ASC-nin istehsal sahələrinin artırılması işləri davam etdirilir, 10 rayonda xalça müəssisələrinin tikintisi yekunlaşıb, daha 10 müəssisənin, 5 yun və boyaq maddələri məntəqələrinin tikintisi həyata keçirilir, Yunəyrici Boyaq fabrikinin tikintisinə başlanılması da xalçaçılığın xammal bazasının yaradılmasına töhfə verəcək.
 
Vurğulanıb ki, prezident İlham Əliyevin yeni həyat bəxş etdiyi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Azərbaycan hökuməti və ABŞ tərəfindən birgə həyata keçirilən Yem Emalı Müəssisəsinin tikintisi başa çatdırılıb və fermerlərin istifadəsinə verilib. Türkiyə ilə də Cocuq Mərcanlıda kənd təsərrüfatı sahəsində birgə layihənin reallaşdırılması işlərinə  başlanılıb.
 
Kollegiya iclasında yeni istehsal və emal müəssisələrin yaradılmasının və mövcud istehsal sahələrinin potensialının artırılması və genişləndirilməsinin, yerli istehsal hesabına özünütəminetmə səviyyəsinin yüksəldilməsinin dövlət başçısının daim diqqət mərkəzində olduğu vurğulanıb.
 
Ötən il müxtəlif sahələr üzrə yeni müəssisələr istifadəyə verilib, bir sıra müəssisələrin tikintisi davam etdirilib və yeni müəssisələrin təməli qoyulub, xüsusilə idxalı əvəz edən məhsulların yerli istehsalının təşkili, eləcə də ənənəvi sahələrin inkişafı istiqamətində mühüm addımlar atılıb. 
 
Bu tədbirlər çərçivəsində Sumqayıt Kimya Sənaye Parkında tikilən tütün məmulatlarının istehsalı fabriki bu il istifadəyə veriləcək, bununla da bu sahədə idxaldan asılılıq əhəmiyyətli dərəcədə azalacaq. Bundan başqa, istehsal zəncirinin tam tamamlanması üçün tütün qəbulu məntəqələrinin və qurutma kameralarının yaradılması, mövcud siqaret fabriklərinin gücünün artırılması işləri də davam etdirilir.
 
Sumqayıt Sənaye Parkının rezidenti olan “SOCAR Polymer”in polipropilen və yüksək sıxlıqlı polietilen qurğularının 2018-ci ildə istifadəyə verilməsi ölkədə yeni sənaye sahələrinin, iş yerlərinin və əlavə dəyərin yaradılmasına imkan verir. Kollegiya iclasında sahibkarlarla keçirilən görüşlərdə və digər formatlı tədbirlərdə “SOCAR Polymer” zavodunun imkanları barədə mütəmadi olaraq məlumatlandırılma tədbirlərinin görülməsi, yerli xammaldan istifadəyə əsaslanan istehsal müəssisələrinin yaradılmasının təşviq olunması istiqamətində konkret vəzifələr  müəyyənləşdirilib.
 
Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, İqtisadiyyat Nazirliyi yuyucu vasitələrin istehsalının təşkilinə, mövcud su istehsalı müəssisələrinin və şərab zavodlarının tam gücü ilə işləməsinə, bu sahədə qablaşdırmaya, yeni süd zavodlarının tikintisi və mövcud süd zavodlarında kərə yağı xətlərinin yaradılmasına dair araşdırmalar aparacaq və aidiyyəti qurumlarla birlikdə təkliflər hazırlanacaq.
 
Kollegiya iclasında dövlət başçısının tapşırığına uyğun olaraq, suvenir istehsalının genişləndirilməsi, sahəvi assosiasiyalarla görüşlərin təşkili və qısa müddət ərzində bu sahədə təkliflərin hazırlanması, suvenir istehsalına güzəştli kreditlərin verilməsi və digər dövlət dəstəyi tədbirlərinin davam etdirilməsi barədə Nazirliyin müvafiq qurumları qarşısında konkret istiqamətlər müəyyən edilib.
 
İclasda vurğulanıb ki, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının yaradılması işləri davam etdirilir. Hazırda ölkənin 28 rayonunda 43 aqroparkın yaradılması həyata keçirilir ki, bunlardan 15-i 2018-ci ildə istifadəyə veriləcək. Aqroparkların yaradılması ərzaq təhlükəsizliyinin və emal sənayesinin davamlı olaraq yüksək keyfiyyətli və aşağı maya dəyərli xammalla təmin edəcək, yerli məhsulların daxili və xarici bazarlarda rəqabətqabiliyyətini daha da artıracaq. Kollegiya iclasında digər regionlarda da yeni iri fermer təsərrüfatlarının və aqroparkların yaradılması imkanlarının araşdırılması barədə Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
 
İqtisadiyyat naziri bu il də əvvəlki illərdə olduğu kimi fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanlarının yaradılacağını diqqətə çatdırıb, arıçılıq sahəsində qablaşdırmanın önəmini qeyd edərək, qablaşdırma müəssisələrinin yaradılmasının təşviq edilməsi və Nazirlik tərəfindən lazımi dəstəyin göstərilməsi barədə tapşırıq verib.
 
Kollegiya iclasında kənd təsərrüfatının subsidiyalaşdırılması və vergilərdən azad olunması, texnika və gübrələrin güzəştli şərtlərlə verilməsi, lizinq xidmətlərinin göstərilməsi, investisiyaların və ixracın təşviqi, lisenziyalaşdırmanın təkmilləşdirilməsi, yoxlamaların dayandırılması, yerli istehsalın stimullaşdırılması və digər dövlət dəstəyi mexanizmlərinin regional inkişafın sürətlənməsində əhəmiyyətli olduğu vurğulanıb. Qeyd olunub ki, 2017-ci ildə 1953 sahibkara geri qaytarılan kreditlər hesabına 146 milyon manat güzəştli kredit verilib. Bunun 68%-i aqrar sektorun, 32%-i isə müxtəlif sənaye və digər sahələrin inkişafına, 65%-i isə regionların payına düşür. 2018-ci ildə geri qaytarılan vəsaitlər hesabına sahibkarlara 170 mln. manatdan artıq güzətli kreditin verilməsi təmin ediləcək.
 
İnvestisiya qoyuluşunun təşviqi məqsədilə indiyədək 220 sahibkarlıq subyektinə 244 investisiya təşviqi sənədi verilib və bu layihələr nəticəsində yerli istehsala 2 milyard manatdan artıq investisiya yatırılacaq, 16 mindən çox yeni iş yeri açılacaq. Layihələrin 87%-i regionların payına düşür. Maarifləndirmə məqsədilə regionlarda 5300-dək sahibkarın iştirakı ilə 36 işgüzar forum, 87 treninq keçirilmiş və 588 məsləhət xidməti göstərilib.
 
Vurğulanıb ki, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi və bu çərçivədə iri rayon və şəhərlərdə yaradılacaq “Kiçik və orta sahibkarlıq evləri” kiçik və orta sahibkarlığın rolunu və rəqabət qabiliyyətini artıracaq, dövlət xidmətlərinə vahid məkan prinsipi əsasında çıxışı təmin edəcək. Kollegiya iclasında Agentliyin fəaliyyətinin təşkili işlərinin sürətləndirilməsi istiqamətində vəzifələr müəyyənləşdirilib.


 
Dövlət başçının tapşırığına uyğun olaraq, kollegiya iclasında iri biznes qurumlarının sosial məsuliyyətinin artırılması, o cümlədən sahibkarlar arasında kiçik biznesə, ailə biznesinə dəstək göstərilməsinin təşviq olunması, bu məsələ ilə bağlı aidiyyəti qurumlarla birlikdə təkliflərin hazırlanması və iri sahibkarlıq subyektləri ilə bu mövzuda görüşlərin keçirilməsi və kiçik sahibkarlarla işgüzar əlaqələrin yaradılması barədə Nazirliyin müvafiq strukturları üçün konkret vəzifələr müəyyənləşdirilib.
 
İclasda qeyd edilib ki, dövlət başçısının əsasını insan amili təşkil edən sosial siyasətinə uyğun olaraq, əvvəlki illərdə olduğu kimi, 2018-ci ildə də dövlət proqramları çərçivəsində əhalinin sosial müdafiəsi tədbirləri, sosial infrastrukturun - məktəblərin, uşaq bağçalarının, tibb ocaqlarının, olimpiya idman kompleksələrinin tikintisi, əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılması tədbirləri davam etdiriləcək. Vurğulanıb ki, hazırda 200-dən çox sosial obyektin təmir-tikinti işləri davam etdirilir. Bu il 137 modul tipli məktəbin tikintisi nəzərdə tutulur ki, bu da ucqar kəndlərdə belə məktəb probleminin tam həll olunmasını təmin edəcək. Bu il Mingəçevir, İmişli və Şəkidə yeni “ASAN xidmət” mərkəzləri istifadəyə veriləcək. Hazırda isə regionlarda 7 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir.
 
İclasda qeyd olunub ki, qeyri-neft ixracının və idxalı əvəz edən məhsul istehsalının artırılması, ixracın genişləndirilməsi, investisiyaların cəlb edilməsi regionların davamlı inkişafına öz töhfəsini verəcək. Bu baxımdan, kollegiya iclasında ixracatçı şirkətlərə dəstəyin gücləndirilməsi, müvafiq sahələrdə yaradılmış assosiasiyalarla əməkdaşlığın genişləndirilməsi istiqamətində Nazirliyin strukturları üçün vəzifələr müəyyənləşdirilib.

Kollegiya iclasında “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş Konfransda dövlət başçısı tərəfindən verilmiş tapşırıqların tam, vaxtında və keyfiyyətlə icrasının təmin olunması üçün İqtisadiyyat Nazirliyi tərəfindən görüləcək işlər geniş təhlil olunub, Nazirliyin struktur bölmələrinə göstərişlər verilib, tapşırıqların icrası məqsədilə hazırlanmış kompleks Tədbirlər Planının layihəsi müzakirə edilib, təkliflər nəzərə alınmaqla təkmilləşdirilərək təsdiq olunması qərara alınıb, dövlət başçısının tapşırığına uyğun olaraq növbəti Dövlət Proqramının layihəsinin hazırlanması barədə Nazirliyin müvafiq stuktur bölmələri üçün istiqamətlər müəyyənləşdirilib.