Nazir göstəriş verdi

nazir-gosteris-verdi
Oxunma sayı: 8582


Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş müşavirədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev 2013-cü ildə qazanılmış iqtisadi nailiyyətlər və qarşıda duran vəzifələr barədə məlumat verib. Nazir dövlət başçısının Azərbaycanın bütün sahələrdə inkişafının istiqamətlərini müəyyənləşdiyi çıxışından irəli gələn vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün Nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar verib. Belə ki, regionların və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair yeni dövlət proqramlarının geniş təhlillər və araşdırmalar aparılmaqla hazırlanması mühüm vəzifə olduğu qeyd edilib, bu sahədə işlərin ən qısa müddətdə başa çatdırılması üçün müvafiq tapşırıqlar verilib. 

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, İqtisadiyyat və Sənaye Nazirliyinə 2014-cü ilin Azərbaycan Respublikasında “Sənaye ili” elan edilməsinə dair Tədbirlər Planının hazırlanması barədə konkret tapşırıq verildiyini vurğulayan nazir Şahin Mustafayev sənədin qısa müddət ərzində hazırlanaraq təqdim edilməsi üçün Nazirliyin müvafiq strukturlarına göstəriş verib. Nazirliyin müşavirəsində ekoloji tədbirlərin sürətləndirilməsi, göllərin, xüsusilə Böyük Şor gölünün təmizlənməsi və gələn il layihənin birinci mərhələsinin başa çatdırılması, atmosferi çirkləndirən müəssisiələrin aidiyyəti qurumlarla birlikdə müəyyənləşdirilməsi və belə müəssisələrin siyahısının hazırlanması üçün Nazirliyin görəcəyi işlər müəyyənləşdirilib. 

Müşavirəyə yekun vuran Şahin Mustafayev İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin keyfiyyətli və vaxtında icrasının təmin edilməsi üçün konkret tapşırıqlar verib, müvafiq Tədbirlər Planının hazırlanması qərara alınıb.