Nazir Göyçayda dəyirmi masa keçirib

nazir-goycayda-deyirmi-masa-kecirib
Oxunma sayı: 644

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, tədbirdən öncə F. Ələkbərov mərkəzdə təşkil olunan peşə hazırlığı kursları ilə tanış olub.
Dəyirmi masanı giriş sözü ilə açan F. Ələkbərov iqtisadi fəal əhalinin əmək potensialından səmərəli istifadənin, məşğulluq səviyyəsinin davamlı olaraq artırılmasının Azərbaycanın malik olduğu inkişaf strategiyasının əsas cəhətlərindən biri olduğunu qeyd edərək, bu sahədə həyata keçirilən tədbirlər barədə məlumat verib.
«Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı»nda əsas istiqamətlərdən biri - peşə hazırlığı işinin dinamik inkişaf edən əmək bazarının tələblərinə uyğunlaşdırılmasıdır. Bu istiqamətdə fəal tədbirlərdən biri kimi, vətəndaşların peşə-əmək qabiliyyətinin artırılması məqsədilə son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin nəzdində olmaqla 2007-ci ildən etibarən Bakı, Naxçıvan və Göyçay şəhərlərində yeni Regional Peşə Tədrisi Mərkəzləri yaradılıb.
Həmin mərkəzlərdə cari ilin 9 ayı da daxil olmaqla ötən müddətdə 9600-dən çox, o cümlədən Göyçay Regional Peşə Tədrisi Mərkəzində 2600-ə yaxın vətəndaşın yeni peşələrə yiyələnməsi təmin olunub. Bu gün Dövlət Məşğulluq Xidməti tərəfindən əmək bazarında tələbat olan ümumilikdə 50-dən çox peşə üzrə hazırlıq kursları təşkil edilir. Dünya Bankı ilə birgə icra olunan Sosial Müdafiənin İnkişafı layihəsi çərçivəsində həmin peşələrdən 15-i məhz modul tədris üsulunda aparılır. Növbəti ildən daha 40-dək peşə modul üsulunda tədris ediləcək.
Regional Peşə Tədrisi Mərkəzlərinin iqtisadi fəal vətəndaşların əmək bazarına çıxışının asanlaşdırılmasında, işəgötürənlərin işçi qüvvəsinə olan tələbatının ödənilməsində mühüm rolu nəzərə alınaraq, digər bölgələrdə də belə mərkəzlərin yaradılması nəzərdə tutulur.
Həmçinin Dövlət Məşğulluq Xidməti tərəfindən 2008-ci ildən başlayaraq orta ümumtəhsil məktəblərində peşəyönümü məsləhətləri verilir ki, bu da gənc nəslin gələcək peşə və ixtisas seçimində, beləliklə, uğurlu karyera qurmasında önəmlidir. Təkcə cari ilin 9 ayında 74556 nəfər yuxarı sinif şagirdlərinə peşəyönümü məsləhətləri verilib.
Qeyri-leqal məşğulluq hallarının aradan qaldırılması sahəsində görülən işlərdən də söz açılaraq, bildirilib ki, başlıca hədəf son işçiyə qədər əmək müqaviləsinin bağlanılmasını, onun öz əmək hüquqlarına, o cümlədən gələcəkdə sosial təminat sistemi ilə əhatə edilmək hüququna malik olmasını təmin etməkdir.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Elnur Sultanov, Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis əvəzi Məhərrəm Məhərov, ayrı-ayrı işəgötürənlərin çıxışları dinlənilib, peşə hazırlığı işinin təkmilləşdirilməsi, qeyri-leqal məşğulluğun aradan qaldırılması sahələrində görülən işlər, qarşıda duran vəzifələr müzakirə edilib.