“Nazir hər gün məşqi izləyirdi” - “Sığmazam”da yer alan sənətçilər danışdı

nazir-her-gun-mesqi-izleyirdi
Oxunma sayı: 5435

Azərbaycan əsilli müğənni Sami Yusufun mütəfəkkir İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında hazırladığı yeddi dəqiqəlik kompozisiya sosial şəbəkələrin əsas gündəmlərindən biri olub. 

Marağa səbəb olan əsər Bakıda Heydər Əliyev Mərkəzində keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində təqdim olunub. Tədbirdə təkcə Saminin çıxışı yox, Əməkdar artist Təyyar Bayramovun muğam, Əməkdar incəsənət xadimi Samirə Əliyevanın aşıq ifası da diqqət çəkib. 

“Qafqazinfo” səs-küy yaradan layihədə yer alan fəxri adlı sənətçilərin rəyini alıb. Əməkdar artist Təyyar Bayramov açıqlamasında bildirib ki, əvvəlcə layihədə iştirakla bağlı onun oğluna təklif olunub:

“Bu layihə UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılışında təqdim olunub. Konsertdə Birinci vitse-prezident Mehriban Əliyeva da iştirak edib. Kompozisiya iyunun 30-da səsləndirilib. Mənə bir neçə  ay əvvəl Sami Yusufun Azərbaycanda konserti olacağı barədə məlumat verdilər. Əvvəlcə, Saminin oğlum Kənan Bayramlının səsini bəyəndiyini, onun da layihədə yer alacağını dedilər. Təxminən 1 ay sonra təklif olundu ki, səhnədə çıxış edim.

Konsertə 10 gün qalmış ağır məşqlər keçdi. Məşqlərin hər günündə demək olar ki, Mədəniyyat naziri Əbülfəs Qarayev iştirak edirdi. Gördüyünüz orkestr azərbaycanlılardan ibarətdir, heç bir əcnəbi yoxdur. Üstünlük tar, kaman, balaban ifaçılarına verilmişdi. Uşaq xorundan da istifadə olunmuşdu. Çox həvəskar idik, səhərdən axşama kimi çalışırdıq. Hamı həyəcanlı idi, əsərdən heç kəsin xəbəri yox idi. Çünki Sami Yusuf “Sığmazam”ı yeni bəstələmişdi. Hamı yüksək səviyyədə bunun öhdəsindən gəldi”. 

Əməkdar icəsənət xadimi, aşıq Samirə Əliyeva isə birinci layihəyə sadəcə olaraq saz ifa etmək üçün dəvət olunduğunu qeyd edib: 

“Əvvəl mənim konsertdə solist kimi oxumaq fikri yox idi. Çünki  Sami Yusufu Azərbaycan musiqi alətlərindən ibarət orkestr müşayiət edirdi. Mənim öhdəmdə isə saz ifaçıları idi və biz Samini saz ifamızla müşayiət edəcəkdik. Lakin daha sonra hər şey müəyyənləşəndən sonra düşündülər ki, muğamla birgə aşıq ifası da səslənsin. Aşıq boğazı fərqlidir, bir beyt oxudum. Məqsəd bu əsərdə bir daha Azərbaycan musiqisinin zənginliyini göstərməkdir.

Mənim üçün qürurvericidir. Ona görə, tədbirin özü tarixi mövzuda olan bir tədbir idi. Orkestrdə 5 nəfər aşıq var idi. Onlar da Mədəniyyət və İncəsənət Universitetinin tələbələri idi. Çox az müddətdə hazırlaşdıq. Əsas məşqlər konsert günü oldu. Bir şey yaxşı idi ki, əsər notlara yazılaraq qarşımıza qoyulmuşdu. Bu da bir qədər bizə kömək etmiş oldu. Sami Yusuf elə ilk günü söylədi ki, hamımız bu layihənin əsgərləriyik, hamı yaxşı alınmağı üçün çalışsın. Böyük-kiçik bilmədən çalışdıq. Sonunda isə gözəl bir layihə ortaya çıxdı”.