Nazir icra başçılarına fəxri fərman təqdim etdi - Fotolar

nazir-icra-bascilarina-fexri-ferman-teqdim-etdi
Oxunma sayı: 4229

Noyabrın 30-da Cəlilabad rayonunda “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının yekun tədbiri keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə cari ilin iyun-avqust aylarında reallaşan “Bölgələrdən bölgələrə” festivalının əhəmiyyətini yüksək qiymətləndirib. 

Diqqətə çatdırılıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı bütün ölkəmizi gəzib. Layihə iyunun 25-dən avqustun 10-dək ardıcıl olaraq hər həftə Mədəniyyət Nazirliyinin 15 regional idarəsinin şəhər və rayonlarında gerçəkləşib. Nazirliyin regional idarələri tərəfindən qurulan festival çadırları yerli sakinlərin və qonaqların marağına səbəb olub.

Əbülfəs Qarayev festivalın işinin təşkilinə verdiyi dəstəyə görə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov və Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılova nazirliyin fəxri fərmanlarını təqdim edib.

Regional idarələrin rəislərinə və festivalda fəal iştirak edən kollektivlərə Mədəniyyət Nazirliyinin fəxri fərmanlarını nazir müavini Rafiq Bayramov təqdim edib.

“Bölgələrdən bölgələrə” festivalının yekun tədbirində folklor və rəqs kollektivlərinin,  incəsənət ustalarının konsert proqramı nümayiş olunub.

Daha sonra tədbir iştirakçıları Cəlilabad Olimpiya Kompleksində nümayiş etdirilən xalq sənətkarlıq nümunələrinin, rəssamların əl işlərinin sərgi-yarmarkası ilə tanış olublar.

Qeyd edək ki, “100 illik tariximiz” devizi altında reallaşan “Bölgələrdən bölgələrə” festivalına iyunun 25-də Masallı şəhərində (Masallı Regional Mədəniyyət İdarəsi) start verilmişdi. Festival iyunun 26-da Lənkəranda, iyunun 30-da Salyanda (Biləsuvar Regional Mədəniyyət İdarəsi), 1 iyulda Sabirabadda, 7 iyulda Füzuli rayonunun Horadiz şəhərində (Kürdəmir Regional Mədəniyyət İdarəsi), ardınca Ağdamın (Ağcabədi Regional Mədəniyyət İdarəsi) Quzanlı qəsəbəsində (8 iyul), Göyçay (Ağdaş Regional Mədəniyyət İdarəsi) şəhərində (14 iyul), Mingəçevir (Bərdə Regional Mədəniyyət İdarəsi) şəhərində (15 iyul) təşkil olunub. Daha sonra layihənin növbəti mərhələləri iyulun 21-də Göygöl rayonunda (Şəmkir Regional Mədəniyyət İdarəsi), 22-də Naftalan şəhərində (Gəncə Regional Mədəniyyət İdarəsi), iyulun 27-də Oğuz şəhərində (Şəki Regional Mədəniyyət İdarəsi), 28-də isə İsmayıllıda gerçəkləşib. Layihənin son üç tədbiri 3 avqustda Qusarda (Xaçmaz Regional Mədəniyyət İdarəsi), 4 avqustda Sumqayıtda, avqustun 10-da Tovuzda (Ağstafa Regional Mədəniyyət İdarəsi) təşkil olunub. Festivalın tədbirlərində nazirliyin regional idarələrinin hər biri öz guşə-çadırı ilə təmsil olunub.