Nazir kitabxana açılışında - Fotolar

nazir-kitabxana-acilisinda
Oxunma sayı: 798

Ötən gün Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Bakıxanov qəsəbəsində yerləşən 1 saylı filialının yenidənqurmadan sonra açılış mərasimi keçirilib. 

Yeni konsepsiyalı ilk kompleks kitabxana Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşəbbüsü ilə ərsəyə gəlib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirdə çıxış edərək həyata keçirilən yeni layihəni yüksək qiymətləndirib: “Bu gün açılışını etdiyimiz yeni konsepsiyalı kitabxana müasir oxucunun tələblərini nəzərə alaraq kitabxanalara marağı daha da artırmaq üçün yaradılıb. Belə layihələrin həyata keçirilməsində əsas məqsəd bilikli, istedadlı gənclərin hərtərəfli inkişafını stimullaşdırmaq, əhalinin mədəniyyət, təhsil, sosial sahələrdə maraqlarını təmin etməkdən ibarətdir.

Bu tipli layihələr dünyanın bir sıra inkişaf etmiş ölkələrində həyata keçirilir. Azərbaycanda kitabxana sisteminin yenilənməsi, kitabxanaların yeni nəşrlərlə təmin olunması istiqamətində işlər ardıcıl şəkildə davam etdirilir. Həmçinin müasir dövrün tələblərinə uyğun olaraq kitabxanalarımızın yenidən qurulması və qabaqcıl ölkələrdə istifadə olunan təcrübədən artıq ölkəmizdə də istifadə olunur”.

Daha sonra qonaqlar kitabxana ilə tanışlıq olub. Oxucular üçün hər cür şərait yaradılan yeni konsepsiyalı kompleks kitabxana 5 minədək nəşrdən ibarət fonda malikdir.