Nazir məktəbin açılışında - Fotolar

nazir-mektebin-acilisinda
Oxunma sayı: 2028

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi 34 nömrəli Uşaq musiqi məktəbinin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, baş idarənin rəisi Vuqar Zeynalov çıxış edərək aparılan təmir-bərpa işləri haqqında məlumat verib. Bildirib ki, 1985-ci ildən fəaliyyətə başlayan məktəb 16 sinif otağı, akt zalı, qəbul və direktor otağından ibarətdir. Aparılan əsaslı təmir işlərindən sonra binada istilik sistemi qurulub, kitabxana yaradılıb. Məktəbin fəaliyyəti üçün bütün avadanlıq və inventar təzələnib. Qeyd olundu ki, məktəbdə 16 ixtisas üzrə 300 nəfərə yaxın şagirdin təlim-tərbiyəsi ilə 77 müəllim məşğul olur.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət sahəsinin inkişafı sahəsində görülən işlərdən danışıb. Qeyd edib ki, sona çatmaqda olan təqvim ili, digər sahələr kimi, mədəniyyət sahəsinin inkişafı üçün də uğurlu il olub: 

“Bu il də mədəniyyət və turizm sahəsinin inkişafı Prezident İlham Əliyevin diqqət mərkəzində oldu. Məhz onun apardığı siyasət nəticəsində ölkəmizdə mədəniyyət ocaqları təmir-bərpa olunub və yenidən qurulub. Bu da öz növbəsində həm əhaliyə göstərilən xidmətlərin səviyyəsinin artırılması, uşaqlarımızın daha yaxşı şəraitli məktəblərdə təhsil almaları, eləcə də müəllimlər üçün rahat iş yerləri deməkdir”.