Nazir müavini vətəndaşları qəbul edib

nazir-muavini-vetendaslari-qebul-edib
Oxunma sayı: 633

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, vətəndaşların müraciətlərinin dinlənilməsi və nazirliyin uyğun şöbələrinin mütəxəssisləri tərəfindən şikayət ərizələrinin obyektiv şəkildə araşdırılması zamanı ayrı-ayrı vətəndaşların ünvanlı dövlət sosial yardımlarının, əlillik qruplarının təyinatı, eləcə də sosial müdafiə işinin digər sahələri ilə bağlı qanunvericilik barədə hələ də məlumatsız olmaları, bu səbəbdən yazdıqları şikayət ərizələrinin əsassız olduğu müəyyən edilib və qanunvericilikdən irəli gələn müvafiq qaydalar barədə həmin vətəndaşlara ətraflı izahatlar verilib. Eyni zamanda, araşdırmalar nəticəsində ayrı-ayrı şikayət ərizələrində haqlı narazılıqların ifadə edildiyi də aydın olub. Bu narazılıqların əsas səbəbinin yerli strukturların ayrı-ayrı əməkdaşları tərəfindən vətəndaşların müraciətlərinə baxılmasında diqqətsizlik, səhlənkarlıq və ədalətsizlik hallarına yol verilməsindən irəli gəldiyi müəyyən edilib.

Vətəndaşların müraciətlərində əksini tapan məsələlərin ədalətli həlli ilə əlaqədar göstəriş verən nazir müavini Natiq Məmmədov eyni zamanda vətəndaşlarda haqlı narazılıq yaradan hallarla bağlı aidiyyatı yerli strukturlar və onların əməkdaşları haqqında tədbirlər görülməsi barədə tapşırıq verib. Qeyd olunub ki, bəzən sosial cəhətdən həssas insanlarla münasibətlərdə yol verilən kiçik bir diqqətsizlik belə həmin vətəndaşlarda narazılığa, onların müxtəlif instansiyalara şikayət ərizələri yazmasına səbəb olur və bu səbəbdən də strukturlara hər bir vətəndaş müraciətinə diqqət və qayğı ilə, həssaslıqla yanaşılması tapşırılıb.

Vətəndaşların müraciətlərinin araşdırılması zamanı aztəminatı ailələrin bir qisminin aktiv sosial müdafiə tədbirlərinə cəlb edilmək üçün potensial imkanlara malik olmaları müəyyən edilib ki, belə ailələrin əmək qabiliyyətli üzvlərinin səmərəli məşğulluğunun təminatına kömək göstərilməsi, eləcə də onların gələcəkdə birdəfəlik ünvanlı yardım-Özünədəstək proqramına cəlb edilmələri qərara alınıb. Qəbul zamanı 5 nəfər müharibə əlili və şəhid ailəsinə yeni mənzillərin, 1 nəfər müharibə əlilinə isə Lifan markalı minik avtomobilinin açarları və sənədləri təqdim olunub.

Məlumat üçün bildirək ki, ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov və nazirliyin digər məsul şəxsləri Oğuz, Şirvan, Göyçay, Şəki, Ağcabədi, Yevlax, Şabran, Gəncə və digər bölgələrdə olaraq, Naxçıvan MR istisna olmaqla, ölkənin bütün bölgələri üzrə ümumilikdə 560-dan çox vətəndaşı qəbul ediblər. Nazirlikdə yaradılan İctimai Şuranın üzvlərinin də iştirakı ilə aparılan qəbul proseslərində şikayət ərizələrində qaldırılan məsələlər yerində və qanunvericiliyin tələblərinə uyğun tərzdə araşdırılaraq, müvafiq tədbirlər görülüb.

Nigar Məmmədli