Nazir müşavirədə iştirak edib - Fotolar

nazir-musavirede-istirak-edib
Oxunma sayı: 627

Bu gün İsmayıllı şəhərində nazir Əbülfəs Qarayevin iştirakı ilə Mədəniyyət və Turizm Nazirliyinin yeni yaradılan regional mədəniyyət və turizm idarələrinin fəaliyyətinə həsr olunmuş geniştərkibli müşavirə keçirilib.

“Qafqazinfo” xəbər verir ki, müşavirəyə nazirliyin struktur bölmə rəhbərləri, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və regional mədəniyyət və turizm idarələrinin rəisləri, məsul əməkdaşları qatılıb. Tədbirdə 2017-ci ilin yanvarından fəaliyyətə başlayan regional idarələrin əldə etdiyi nəticələr təhlil edilib və qarşıda duran vəzifələr müzakirə olunub. Həmçinin regional idarələrin Novruz bayramı ərəfəsində paytaxtda keçirilən bayram tədbirlərində iştirakı dəyərləndirilib.

Nazir müşavirəni açaraq ölkəmizdə mədəniyyət və turizm sahəsində həyata keçirilən tədbirlər haqqında geniş məruzə ilə çıxış edib. 

Bildirib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 29 mart 2016-cı il tarixli sərəncamına uyğun olaraq nazirliyin Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi, 15 regional mədəniyyət və turizm idarəsi yaradılıb və 2017-ci ilin əvvəlindən fəaliyyətə başlayıb. Həyata keçirilən struktur islahatları mədəniyyət və turizm sahələrində daha çevik idarəçiliyin təmin olunmasına xidmət edir.

Əbülfəs Qarayev Novruz ərəfəsində Bakıda müxtəlif bayram tədbirlərinin keçirilməsini, nazirliyin yeni yaradılan Milli Turizm Təbliğat Bürosunun və regional mədəniyyət və turizm idarələrinin bu işdə yaxından iştirakının təqdirəlayiq olduğunu deyib: 

“Bu il keçirilən bayram tədbirləri Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirib. Bayram tədbirlərində ölkəmizin bütün regionlarını təmsil edən kollektivlər bölgələrin mədəni həyatını yüksək səviyyədə nümayiş etdiriblər. 8 gün ərzində 60-dan artıq musiqi, rəqs və folklor kollektivi çıxış edib. Milli Turizm Təbliğat Bürosu tərəfindən keçirilən Novruz festivalına gün ərzində 30-35 min, bəzi günlərdə isə 50-60 min nəfər insan qatılıb”