Nazir Nemətova ordenini təqdim etdi - Foto

nazir-nemetova-ordenini-teqdim-etdi
Oxunma sayı: 1957

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Teatr Xadimləri İttifaqının sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətovu qəbul edib. 

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, görüşdə Əbülfəs Qarayev diqqətə çatdırıb ki, prezident İlham Əliyevin 11 avqust 2017-ci il tarixli sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azər Paşa Nemətov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
 
Nazir Azər Paşa Nemətovun Azərbaycan teatrının inkişafında xüsusi xidmətlər göstərdiyini qeyd edib və bildirib ki, o, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının rəhbəri vəzifəsinə gətirildikdən sonra teatrın fəaliyyətində ciddi irəliləyişlər olub.
  
Nazir sonda Azər Paşa Nemətovu təltif münasibətilə təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini xalq artistinə təqdim edib.
 
Azər Paşa Nemətov xidmətlərinə verdiyi böyük qiymətə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib. Xalq artisti Azərbaycan teatrının inkişafı üçün bundan sonra da var qüvvəsi ilə çalışacağını deyib.