Nazir nöqsanların olduğunu bildirib

nazir-noqsanlarin-oldugunu-bildirib
Oxunma sayı: 631


Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir Azərbaycan ədliyyəsinin davamlı inkişafı çərçivəsində görülən işlərdən və irimiqyaslı layihələrdən danışıb, penitensiar sistemin müasirləşdirilməsini, o cümlədən məhkumların ailələrinə yaxın ərazilərdə cəza çəkməsi və sosial adaptasiyası məqsədi ilə bölgələrdə yeni penitensiar komplekslərin inşasını və artıq Şəkidə belə müəssisənin inşa edilərək istifadəyə verilməsi üçün hazır olduğunu vurğulayıb.

Eyni zamanda, məhkumların tibb təminatının xeyli yaxşılaşdığı vurğulanaraq penitensiar sistemdə məhkumlar arasında ölüm hadisələrinin sayının ilbəil azaldığı, o cümlədən vərəmə qarşı kompleks tədbirlər nəticəsində bu xəstəlikdən ölənlərin sayının 1995-ci illə müqayisədə 35 dəfə aşağı düşdüyü qeyd olunub, bu sahədə müsbət təcrübəmizin öyrənilməsinə maraq göstərilərək 2012-ci ildə bir çox ölkələrin, o cümlədən İngiltərə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Filippin və İraqın nümayəndələrinin ölkəmizə tanışlıq səfərinə gəldikləri diqqətə çatdırılıb.

Qeyd olunub ki, ötən il beynəlxalq, yerli qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyət uğurla davam etdirilib, artıq səmərəli ictimai nəzarət modeli kimi beynəlxalq aləmdə tanınan İctimai Komitə və digər təşkilatlar tərəfindən penitensiar müəssisələrə 200-dən çox başçəkmə həyata keçirilib.

Nazir görülmüş işlərə baxmayaraq, aparılmış yoxlamalar və təhlillərin, daxil olan şikayət və siqnalların penitensiar müəssisələrdə narahatlıq doğuran nöqsanların olmasına dəlalət etdiyini bildirib, ölkə Prezidentinin bu ilin yanvar ayının 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsi barədə ciddi tapşırıqlarını diqqətə çatdırıb.

Müşavirədə penitensiar müəssisələrdə korrupsiyaya şərait yaradan halların qarşısının qətiyyətlə alınması, işçi heyətlə məhkumlar arasında davranış qaydalarına dönmədən riayət olunması, vətəndaşların müraciətlərinə daha həssaslıqla yanaşılması, əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsi, vətəndaş cəmiyyəti ilə əlaqələrin genişləndirilməsi, müasir İKT-lərin tətbiqi ilə bağlı zəruri tədbirlərin görülməsi Penitensiar Xidmət və tabe müəssisələrin rəhbərlərindən tələb olunub.

Eyni zamanda, dövlət başçısı tərəfindən təsdiq olunmuş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının məqsədlərinə uyğun olaraq ədliyyə sistemində, o cümlədən Penitensiar Xidmətdə işin ən müasir tələblər səviyyəsində qurulması, məhkumların hüquqlarının geniş şəkildə təmin olunması, onların faydalı işə cəlb edilməsi, islah işinin, asudə vaxtlarının səmərəli təşkili, keyfiyyətli psixoloji və hüquqi yardımın göstərilməsi, vakansiyaların daha hazırlıqlı və yüksək mənəvi keyfiyyətə malik işçilərlə doldurulması, müasir penitensiar infrastrukturun yaradılması üzrə işlərin sürətləndirilməsi ilə bağlı və digər mühüm tədbirlər barədə konkret tapşırıqlar verilib.