Nazir qoruqlarla bağlı müşavirə keçirdi - Fotolar

nazir-qoruqlarla-bagli-musavire-kecirdi
Oxunma sayı: 1023

Bu gün Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında mədəniyyət naziri Əbülfəs Qarayevin sədrliyi ilə müşavirə keçirildi. Müşavirə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən qoruqların nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyinə verilməsinə həsr olunub.

“Qafqazinfo” xəbər verir ki, yığıncaqda nazirliyin müvafiq struktur bölmələrinin və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin məsul əməkdaşları, nazirliyin tabeliyindəki qoruqların rəhbərləri iştirak edib. 
Gündəlikdə duran məsələlər barədə məlumat verən Əbülfəs Qarayev Mədəniyyət Nazirliyində aparılan son islahatlardan söz açıb. İslahatların əhəmiyyətini yüksək qiymətləndirən nazir qeyd etdi ki, struktur islahatlarının reallaşdırılmasında əsas məqsəd ölkəmizdə mədəniyyət siyasətinin daha məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsidir.

Nazir aparılan islahatlardan sonra Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin səlahiyyətlərinin, eləcə də üzərinə düşən məsuliyyətin daha da artırıldığını diqqətə çatdırıb: “Mədəniyyət Nazirliyi yanında fəaliyyət göstərən dövlət xidmətinə Prezident İlham Əliyevin sərəncamı ilə Zakir Sultanov rəis təyin olunub. Bu o deməkdir ki, nazirliyin strukturunda fəaliyyət göstərən xidmətin həyata keçirdiyi işlər ölkə başçısının diqqət mərkəzindədir. Ölkə başçısı xalqımızın mədəni irsinin qorunması, bərpası və təbliğinə böyük önəm verir. Ona görə də biz üzərimizə düşən məsuliyyətli vəzifəni daha yüksək səviyyədə həyata keçirməliyik”.

Nazir vurğulayıb ki, indi qarşıda duran əsas məsələ qoruqların fəaliyyətinin müasir tələblər səviyyəsində təşkil edilməsidir: “Bura həm ziyarətçilərin qoruqları rahatlıqla ziyarət etmələri üçün müvafiq infrastrukturun yaradılmasından tutmuş, elmi tədqiqatların aparılmasına qədər ən müxtəlif istiqamətlər aiddir. Hazırda Ağsu və Qəbələdəki  qoruqlarda elmi tədqiqat işləri aparılır. “Avey” Dövlət tarix-mədəniyyət qoruğunda da Yaponiyadan olan mütəxəssislərin iştirakı ilə tədqiqat işlərinə başlanılıb. Bu araşdırmalar bütün qoruqlarımızı əhatə etməlidir”.