Nazir Sverdlovskun incəsənət xadimlərini festivala dəvət etdi

nazir-sverdlovskun-incesenet-xadimlerini-festivala-devet-etdi
Oxunma sayı: 1000

Sentyabrın 11-də Mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Rusiyanın Sverdlovsk vilayətinin Mədəniyyət naziri Svetlana Uçaykinanı qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Sverdlovsk vilayətinin Beynəlxalq və xarici iqtisadi əlaqələr nazirinin müavini İvan Detçenya, vilayətin rəmzləri üzrə Qanunvericilik Komissiyasının sədri, deputat Mixail Zubarev və Sırset şəhər dairəsinin rəhbəri Dmitri Nikovski iştirak edib.

Əbülfəs Qarayev Azərbaycanın Sverdlovsk vilayəti ilə əlaqələrində mədəniyyət sahəsinin də yer almasından məmnunluğunu bildirib. Diqqətə çatdırıb ki, ölkəmiz Rusiyanın və dünyanın müxtəlif şəhərləri ilə mədəniyyət sahəsində müxtəlif layihələr reallaşdırır. Teatr, musiqi, rəssamlıq və digər sahələrdə təcrübə mübadiləsi həyata keçirilir. Yaradıcı gənclər birgə layihələrdə yaxından iştirak edirlər.

Qarşılıqlı əlaqələrin perspektivlərindən söz açan Ə. Qarayev vurğulayıb ki, Azərbaycanda musiqinin müxtəlif janrlarını əhatə edən beynəlxalq festivallar keçirilir. Nazir Sverdlovsk vilayətinin incəsənət xadimlərini bu festivallarda iştiraka dəvət edib. Bildirib ki, 18 sentyabr - Milli Musiqi Günündə Bakıda XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı işə başlayacaq. Festivalda dünyanın bir çox ölkələrindən tanınmış musiqiçilər iştirak edəcək.

Söhbət zamanı müvafiq təhsil ocaqları arasında əməkdaşlığın genişləndirilməsi, o cümlədən teatr sahəsində çalışan gənc kadrların mübadiləsi, tədris ocaqlarının qarşılıqlı əməkdaşlıq imkanlarının nəzərdə keçirilməsi məsələləri müzakirə edilib.