Nazir USAİD-in missiya direktoru ilə görüşdü

nazir-usaid-in-missiya-direktoru-ile-gorusdu
Oxunma sayı: 1145

“Gənclərin əmək bazarına çıxışının dəstəklənməsi məqsədilə BMT İnkişaf Proqramı ilə birgə icra olunan “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsinə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) fəal dəstəyi USAİD-lə aktiv məşğulluq tədbirlərinin təşkili sahəsində gələcək əməkdaşlığın genişləndirilməsi üçün yaxşı əsas yaradıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev USAİD-in missiya direktoru Caydev Sinqx ilə nazirlikdə keçirilən görüşdə bildirib. Görüşdə ABŞ-ın müvəqqəti işlər vəkili Uilyam Gil də iştirak edib.

S.Babayev prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf kursunun uğurlarından biri kimi ölkəmizdə gənclər arasında da işsizliyin səviyyəsinin əhəmiyyətli şəkildə azaldığını vurğulayıb. O, gənclərin əmək bazarına inteqrasiyasına şərait yaradılması üçün həyata keçirilən aktiv məşğulluq tədbirlərini, beynəlxalq qurumlarla əməkdaşlıq müstəvisində birgə icra olunan layihələri qeyd edib. 

Nazir dövlət başçısının 30 oktyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilən “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” dövlət məşğulluq orqanlarının qabaqcıl beynəlxalq təcrübəyə uyğun yeni xidmət modelinin formalaşdırılması və məşğulluq xidmətlərinin keyfiyyətinin artırılması üçün aparılan islahatlar barədə məlumat verib. “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsinin önəmini diqqətə çatdıran  S.Babayev bildirib ki, USAİD-in dəstək verdiyi layihə çərçivəsində təşkil olunan təlimlərdə SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) metodologiyası üzrə gənclərə müasir iş axtarma bacarıqları öyrədilir. Təlimləri bitirən gənclərin artıq əksəriyyəti qazandıqları bu bacarıqlar hesabına münasib işlərlə təmin olunublar.

C.Sinqx USAİD-in gənclərlə bağlı layihələrə, gənclərin əmək bazarına daxil olmaları məqsədilə aparılan işlərə həmişə dəstək verməyə hazır olduqlarını, bu sahədə gələcəkdə də birgə işlərin davam etməsinin məqsədəuyğun ola biləcəyini deyib.

Görüşdə gənclərin məşğulluğunun artırılması sahəsində USAİD-lə əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub. Əmək, məşğulluq, sosial müdafiə sahələrində ictimai nəzarət mexanizminin təşkili, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq sahəsində görülən işlərə dair fikir mübadiləsi də aparılıb.