Nazir valideynlərlə görüşdü

nazir-valideynlerle-gorusdu
Oxunma sayı: 650

“Qafqazinfo” nazirliyin saytına istinadən xəbər verir ki, görüşdə AMVMA-nın illik hesabatı dinlənilib, müvafiq istiqamətdə görülmüş işlər və qarşıda duran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Təhsil naziri Misir Mərdanov Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının fəaliyyətindən və bu təşkilatın valideyn-məktəb əlaqələrinin inkişafı istiqamətində gördüyü işlərdən danışıb. AMVMA-nın son illər təhsilin inkişafı və valideyn-müəllim münasibətlərinin səmərəli təşkili baxımından gördüyü işlərə toxunan Misir Mərdanov əsas məqsədi valideynlərlə müəllimlərin faydalı ünsiyyət mühitinin yaradılmasından ibarət olan bu təşkilatın həyata keçirdiyi tədbirləri müsbət qiymətləndirib. Nazir bildirib ki, Azərbaycanda vətəndaş cəmiyyətinin qurulmasında, təhsilin keyfiyyətinin artırılmasında, müəllim və məktəbin nüfuzunun yüksəldilməsində tədris ocaqlarında fəaliyyət göstərən Valideyn-Müəllim Assosiasiyasının (VMA) üzərinə mühüm vəzifələr düşür.

Azərbaycan Milli Valideyn Müəllim Assosiasiyasının icraçı direktoru Təranə Şərifova bu görüş və göstərilən dəstək üçün təhsil naziri Misir Mərdanova təşəkkür edib. Son illər AMVMA üzvlərinin sayının artdığını deyən T.Şərifova rəhbəri olduğu qurumun həyata keçirdiyi layihələr və təşkil etdiyi tədbirlər barədə məlumat verib.

Daha sonra icraçı direktor VMA-nın fəaliyyətinin səmərəliliyinin artırılması
üzrə mexanizmin hazırlanması və orta məktəblərdə bu baxımdan həyata keçirilən tədbirlərə diqqət çəkib. Təhsil islahatlarının müəllimlərin və valideynlərin üzərinə qoyduğu ümdə vəzifələrin düzgün təbliğində VMA-nın qarşısında duran məsələlərin əhəmiyyətindən bəhs edən T.Şərifova nümunəvi VMA-ların təcrübəsinin yayılmasının zəruriliyinə toxunub. T.Şərifova, həmçinin qarşılaşdıqları bəzi problem və çətinlikləri diqqətə çatdırıb, bir sıra təkliflərini nəzərə çatdırıb.

Valideyn-Müəllim Assosiasiyasının İdarə Heyətinin üzvləri mətbuat orqanının yaradılması, ictimaiyyətin mövcud istiqamətdə görülmüş işlərə dair məlumatlandırılması üçün təbliğat işinin və valideyn-müəllim-məktəb əməkdaşlığının gücləndirilməsi ilə bağlı təkliflər səsləndirilib.
Sonra təhsil naziri VMA-nın fəaliyyətinin daha səmərəli təşkil olunmasının önəminə diqqət çəkib və bununla bağlı görüləcək işlərin dəqiq müəyyənləşdirilməsinin əhəmiyyətli olduğunu bildirib. VMA-nın fəaliyyətinin genişləndirilməsini mühüm məsələlərdən biri kimi dəyərləndirən Misir Mərdanov görülmüş işlərlə bağlı təbliğat işinin gücləndirilməsinin vacibliyini qeyd edib. Nazir bu qurumun gördüyü işlərə lazımi dəstək göstəriləcəyini vurğulayaraq müvafiq tövsiyə və tapşırıqlarını verib.

Günel