Nazir vətəndaşlarla görüşdü - Fotolar

nazir-vetendaslarla-gorusdu
Oxunma sayı: 642

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyunun 22-də Gəncədəki Heydər Əliyev Mərkəzində Gəncə və Naftalan şəhərləri, Goranboy, Samux, Kəlbəcər və Xocalı rayonlarından olan vətəndaşları qəbul edib.

"Qafqazinfo" xəbər verir ki, tədbirdən öncə nazir  Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyaraq xatirəsini yad edib.

Nazirliyin məsul əməkdaşlarının iştirak etdikləri qəbulda 30-dan artıq vətəndaşın müraciətinə baxılıb. Budəfəki görüşdə də müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrdə turizmin təşviqi və digər məsələlərlə bağlı olub.

Gəncə şəhərindən qəbula yazılan vətəndaşlar respublikada park heykəltəraşlığının inkişaf etdirilməsi, modern heykəltəraşlıq nümunələrinin yaradılması, mədəniyyət müəssisələrinə səhnə avadanlıqlarının verilməsi, Gəncə Dövlət Dram Teatrında Teatr muzeyinin yaradılması barədə xahişlərini diqqətə çatdırıblar.

Naftalan sakinləri şəhərdə Tarix-diyarşünaslıq muzeyinin tikilməsi, Uşaq incəsənət məktəbinə yeni musiqi alətlərinin verilməsi və digər məsələlərlə bağlı nazirə müraciət ediblər.

Goranboy rayon sakinləri tərəfindən yerli "Fəxralı" xalça sənətinin inkişaf etdirilməsi, mədəniyyət və turizm işçiləri üçün xarici dil kurslarının təşkil olunması, Rəsm qalereyasının fondunun ölkəmizin görkəmli rəssamlarının əsərləri ilə zənginləşdirilməsi, habelə mədəniyyət işçilərinə fəxri adların verilməsi, işlə təmin olunma barədə xahişlər səslənib.

Samux rayonundan qəbula gələnlərin müraciətləri Heydər Əliyev Mərkəzinin yeni eksponat və sənədlərlə zənginləşdirilməsi, qədim sənətkarlıq nümunələrinin ictimaiyyətə tanıdılması, rayonda kənd turizminin inkişafına dəstək verilməsi və digər məsələlər barədə olub.

Kəlbəcər və Xocalı rayonlarının sakinləri tərəfindən uşaq musiqi məktəblərinin xalq çalğı alətlərinə dair dərsliklərlə təminatı, məktəblərdə ustad dərslərinin keçirilməsi, işlə təmin olunma barədə xahiş edilib.