Nazir vətəndaşlarla görüşdü - Fotolar

Nazir vətəndaşlarla görüşdü
Oxunma sayı: 838

Kənd təsərrüfatı naziri Heydər Əsədov iyulun 14-də Şamaxı Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Qəbələ, İsmayıllı, Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edib.

"Qafqazinfo" xəbər verir ki, Qəbuldan əvvəl nazir Heydər Əsədov və Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyublar.

Nazir Heydər Əsədov Şamaxı Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binası, həmçinin Dövlət Fitosanitar və Baytarlıq Nəzarəti Xidmətləri üçün yaradılan şəraitlə tanış olub, ən müasir texnika və texnoloji avadanlıqla təchiz olunmuş Aqrokimya laboratoriyasına baxış keçirib. Bildirilib ki, burada yaradılan şərait rayonda aqrar sahə ilə bağlı problemlərin həllinə töhfə verəcək.

Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 30-dan çox vətəndaşın müraciətinə baxılıb. Qəbula gələn vətəndaşlar əsasən subsidiya, torpaqdan istifadə və texnikalarla təminat, ixtisasa uyğun işə qəbul və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Nazir Heydər Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Nazir Heydər Əsədov, həmçinin “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə də görüşüb. Məlumat verilib ki, Şamaxı, Ağsu, İsmayıllı və Qəbələ rayonlarından olan 21 istifadəçiyə lizinq yolu ilə verilmiş ümumilikdə 351 min 070,0 manat məbləğində 28 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına 140 min 428,0 manat məbləğində güzəşt tətbiq edilib. 

Xüsusi Komissiyanın qərarına əsasən tətbiq olunan güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələri bağlanılmış, o cümlədən güzəşt tətbiq edildikdən sonra 5 ədəd müxtəlif kənd təsərrüfatı texnikası istifadəçilərin mülkiyyətinə verilmiş və Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınıb və müvafiq sənədlər vətəndaşlara təqdim edilib. Eyni zamanda, “Aqrolizinq” ASC əməkdaşları lizinq yolu ilə əldə etdikləri kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəmiş istifadəçilərdən güzəşt üçün elektron ərizələri qəbul ediblər.  

 






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi