Nazir vətəndaşlarla görüşdü - Fotolar

nazir-vetendaslarla-gorusdu
Oxunma sayı: 1056

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri hər ay şəhər və rayonlarda əhalinin qəbulunu keçirirlər. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü yanvarın 30-da Xırdalan şəhərində gerçəkləşib.

“Qafqazinfo” xəbər verir ki, nazir Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində Sumqayıt şəhəri, Abşeron, Xızı, Qubadlı, Şuşa və Zəngilan rayonlarının sakinlərini qəbul edib.

Görüşdən öncə nazir ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyaraq xatirəsini yad edib.

Qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri səslənib.

Sumqayıt sakinləri şəhərdəki Heydər Əliyev Mərkəzində ödənişli xidmətlərin göstərilməsi, “Kimyaçı” mədəniyyət sarayının nəzdində filarmoniyanın yaradılması, beynəlxalq dekorativ sənət ustalarının festivalının keçirilməsi, istedadlı gənclərin yaradıcılığının dəstəklənməsi və stimullaşdırılması məqsədilə auksion mərkəzinin təşkili, regionda fəaliyyət göstərən turizm obyektləri haqqında məlumat bazasının yaradılmasını xahiş ediblər.


Abşeron rayonundan qəbula yazılan vətəndaşların müraciətləri ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi ilə bağlı film çəkilişlərinə köməklik göstərilməsi, tanınmış kino aktyoru Bahadır Əliyevin 85 illik yubileyinin keçirilməsi, mərkəzi kitabxana üçün yeni binanın tikilməsi və işlə təmin olunma barədə olub.

Xızı sakinləri rayonda turizm yönümlü peşə məktəbinin yaradılması, rayonda fəaliyyət göstərən uşaq musiqi məktəbinin filialının açılması və digər məsələlərlə bağlı nazirə müraciət ediblər.

Qubadlı sakinlərinin xahişləri musiqi məktəbinə musiqi alətlərinin verilməsi, Sumqayıt şəhərində məcburi köçkünlər üçün tikilən çoxmərtəbəli binaların birinci mərtəbəsində muzey üçün yerin ayrılmasına köməklik göstərilməsi barədə olub.

Şuşa sakinləri tərəfindən "Şuşanın dağları" ansamblına xalq kollektivi adının verilməsi, musiqi alətləri ustası Musa Yaqubovun hazırladığı alətlərinin təbliği, eləcə də işlə təmin olunma ilə bağlı xahişlər edilib.

Nazir Zəngilan rayonlarının sakinlərinin işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlərini də dinləyib.
Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.