Nazir xarici ölkələrin ombudsmanları ilə bir arada - Fotolar

nazir-xarici-olkelerin-ombudsmanlari-ile-bir-arada
Oxunma sayı: 1658

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ombudsmanların XV Bakı Beynəlxalq Konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Serbiya, Bolqarıstan, Əfqanıstan, Pakistan, Rusiya Federasiyasının Dağıstan, Tatarıstan respublikaları və  Moskva şəhərinin insan hüquqları üzrə müvəkkilləri, Ombudsman aparatlarının nümayəndələri, Rumıniya Ombudsmanının müavini və Uşaq Ombudsmanı, Gürcüstan xalq müdafiçəsinin müavini ilə görüş olub. 

“Qafqazinfo” xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri  Sahil Babayev Azərbaycanın sosial ədalət prinsipinə söykənən əmək və sosial hüquqlar sisteminə malik olduğunu qeyd edib. 

Hüquq bərabərliyinin bu sistemdə üstün prinsip kimi çıxış etdiyini vurğulayan nazir bildirib ki, Beynəlxalq Əmək Təşkilatının 57 Konvensiyasına, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqlarına dair Konvensiya”sına, Dəyişdirilmiş Avropa Sosial Xartiyasına və digər mühüm beynəlxalq sənədlərə qoşulan Azərbaycan əmək və sosial müdafiə sahələrində qanunvericiliyini mütərəqqi beynəlxalq standartlara uyğun təkmilləşdirir. 

S.Babayev ölkəmizdə həyata keçirilən sosial müdafiə tədbirləri, aktiv əmək bazarı proqramları, habelə aztəminatlı ailələrin yoxsulluqdan kiçik biznesə çıxışına şərait yaradan özünüməşğulluq proqramı barədə məlumat verib. 

Xarici ölkələrin insan hüquqları üzrə müvəkkilləri əmək münasibətləri, məşğulluq, sosial müdafiə sahələrində insan hüquqları sisteminin mütərəqqi beynəlxalq normalara, sivil yanaşmalara və hüquq bərabərliyi prinsipinə uyğun təkmilləşdirilməsi ilə bağlı Azərbaycanın təcrübəsinin təqdirəlayiq olduğunu qeyd ediblər. 

Görüşdə qonaqların aidiyyəti məsələlərə dair sualları da cavablandırılıb, əmək, məşğulluq, sosial müdafiə sahələrində insan hüquqlarının təminatı məsələlərinə dair fikir mübadiləsi aparılıb, müvafiq sahələrdə islahatlarla bağlı ölkələrarası təcrübə mübadilələrinin qarşılıqlı fayda verə biləcəyi vurğulanıb.