Nazir yarmarkadan bazarlıq etdi - Fotolar

nazir-yarmarkadan-bazarliq-etdi-fotolar
Oxunma sayı: 670

“Qafqazinfo”nun məlumatına görə, yarmarkalar martın 16-dan 19-dək davam edəcək. Martın 16-da Yasamal rayonu, Rabitə kollecinin həyətində keçirilən yarmarkaya kənd təsərrüfatı naziri İsmət Abasov da baş çəkib. Nazir yarmarkada satıcılar və alıcılar üçün yaradılan şəraitlə tanış olub, onların fikirlərini dinləyib, məhsulların keyfiyyətini yoxlayıb. Qeyd olunub ki, yarmarkaya Salyan, Quba, Qax, Şəmkir, Kürdəmir, Astara və digər rayonlardan 250 tondan çox müxtəlif kənd təsərrüfatı məhsulları gətirilib. Ümumilikdə Novruz bayramı ilə əlaqədar Bakı şəhərinin 7 rayonuna, 9 ünvana 1000 tondan artıq məhsul çıxarılacağı bildirilib.

Satdığı meyvə-tərəvəzin üzərinə qiymətləri vurmayan və quru meyvə çərəzlərini yarmarkadakı qiymətdən baha satan iki satıcı nazirin tapşırığı ilə yarmarkadan çıxarılıb. Nazir deyib ki, satışa çıxarılan məhsulun üzərində qiymətlərin olmaması vətəndaşların aldadılmasına səbəb ola bilər: “Əgər kimsə məhsulunu baha qiymətə satmaq istəyirsə, bunu ona heç kim qadağan edə bilməz. Bunun üçün bazarlar var və məhsullarını aparıb orada satsınlar. Amma yarmarkalar əhalini ucuz məhsulla təmin etmək üçündür. Yarmarkanın öz qaydaları var və burada məhsullar ucuz olmalıdır. Novruz bayramı ərəfəsində yarmarkalarda satılan məhsulların qiymət artımına imkan verilməyəcək. Bütün fermerlər tətbiq olunan qiymətlər əsasında məhsullar satmalı və qiymətləri məhsulların üzərinə vurmalıdırlar. Vətəndaşlar bu cür qiymətləri görərək məhsulun dəyərini bilməlidirlər. Əks halda, məhsulları qiymətlərdən baha satan və bu tələblər cavab verməyən fermerlərin məhsulların yarmarkalardan uzaqlaşdırılacaq. Bir neçə fermerin satdığı məhsul tələblərlə cavab vermədiyi üçün yarmarkadan kənarlaşdırılıb. Mən bundan sonra Yasamal yarmarkası rəhbərindən bir gün ərzində qanundan kənar pozuntuların qarşısını almağı tələb etmişəm, əks halda, vəzifəsindən kənarlaşdırılacaq. Bütün yarmarkalarda bayram ərəfəsində əvvəldən heç kimə xəbər vermədən qəfil baxış keçirəcəm”.

İ.Abasov deyib ki, yarmarkaların keçirilməsinin məqsədi əhalinin aztəminatlı təbəqəsinin təminatını yaxşılaşdırmaqdır: “Burada insanlar bazarlıq edirlər və buradan aldıqları nemətlərlə Novruz bayramı süfrəsi açacaqlar. Yarmarkalarda satılan məhsulların qiymətləri digər yerlərdə satılan qiymətlərdən 50 faizədək ucuzdur. Biz yarmarkalarda satılan məhsulların qiymətini müəyyənləşdirib edib və elan veririk ki, digər yerlərdə satılan ərzaq məhsulların qiymətindən 20 faizədək aşağı satmaq istəyən şəxsin yarmarkalarda iştirak etməsinə icazə verilir. Bura gələn insanları narazı salan hərəkətlərə yol verilməməlidir və biz də bunun üçün əlimizdən gələni edirik”.

Nazir bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi mütəmadi olaraq bazarlarda monitorinqlər keçirilir və qiymətlər öyrənilir. İ.Abasov yarmarkadan evi üçün bazarlıq edib, bir necə vətəndaşın aldığı məhsulun pulunu ödəyib. Nazir jurnalistləri də unutmayıb.