Nazirdən “2” alanda

nazirden-2-alanda
Oxunma sayı: 2760

Raminə Eyvazqızı

Deputatlığa sevdalılardan birinin şanlı şüarında belə fikir var: “Yaltaq mədəniyyət işçilərindən qurtulaq”. Görünür, namizədin yaralı yeridir, yaman göynəyir.

Yaltaqlığın müxtəlif profilləri var. Mədəniyyətin, iqtisadiyyatın öz yaltaqları var, neft sektorunun isə lap yekə yaltaqları. Yaltaqlar bu “missiya”siz qabağa getməyəcəklərinə Allahdan çox inanırlar. Onlar çox halda umduqlarını sahibindən qopara bilirlər. Planlarını həyata keçirə bilməyənlərsə, yazıq olurlar. Məsələn, bu yaxında qazaxıstanlı Bulat Utemuradov adlı iş adamı N.Nazarbayevlə selfie çəkdirəndə biabırçı vəziyyətə düşmüşdü. Kişini o yana tolazlayan Nazarbayev onun yaltaq jestini göydəcə tutmuşdu.

Mədhiyyə(qəsidənin bir növü) ədəbiyyatımızda şeir formasıdır. Onun kökünü salan şairlərimiz şahlara, hökmdarlara şeir yaza-yaza canlarını qorudu, ömrünü uzatdı. Çoxu var-dövlət istəmədi də. Bu janrda yazılan şeirlər bu gün də müəllifini ağgün edir. Bəzən də sənətkarın xidmətinə elə pis xal salır ki.

Vaqif Bəhmənli uzun illərdir, ədəbiyyata öz yaradıcılığı ilə töhvəsini vermiş şəxslərdəndir. On ilə yaxındır, Mədəniyyət və Turizm nazirliyinin məsul vəzifəsində çalışır. Və yazdığı mədhiyyə ona 60 yaşında töhmət qazandırır. Vaqif müəllimin avtobioqrafiyasına əlavə edilir: “Nazirini sevirdi, sevməz olaydı”.

Bəhmənli bu şeirdə neylədi axı belə? Şair nazir cənablarını günəşə, bülbülə bənzətdi ki, bu da ədəbiyyatda bənzətmə-təşbehdir. Kişi şeirində bütün obrazlı təsvir vasitələrindən bolluca istifadə edib. Görünür, şeir təbiət qoynunda yazılıb. 60 illik yubileyinin dəmdəsgahla keçirilməsinə təşəkkür etmək istəyib və şeirini oxuyan Nazir feyziyab olmayıb. Vaqif müəllim illər ərzində Əbülfəs Qarayevin xasiyyətində nəyisə yaxşı mənimsəməyib.

Halbuki, seirlərindən birində belə deyib:

Daha ağlım kəsir... nədir qandığım
Hər anı ağ-qara, haça canımdan
Üstü batıq köksüm nənə sandığı-
Bilirsən nələr var qoca canımda?

Mədhiyyəni el içində deməzlər. Kişi, nə olardı, səbir edərdin, sənə deyilən mədhiyyələr könlünü oxşayardı da. İndi bəyənilməyən “Hamıya yaxşılıq” şeirini təzədən kitabda çap etdirmək şairə “2” qiymətini yazdırıb. Özünə pislik məqamı. Nəşriyyat əlinin altında olanda beləmi edərlər, şair?

Amma yamanca qınaqdadı. “Hanı bunun söz azadlığı” deyənlərin sualı cavab gözləyir. Bir qrup dindarı nazirin yaradana tay tutulmasını, şairin ateizm ruhunu qınayır. “Töküləsən dilim, yanasam dilim” qarğışından da keçib artıq. Bəlkə də şairin bir bildiyi var və bir şeirində deyir ki:

“Heç nədən,
heç nədən
qupquru sözdən,
dupduru sözdən
yaranır şeir”.
Heç nədən seirmi yaranar, şair?