Nazirin hesabına kabab qonaqlığı

nazirin-hesabina-kabab-qonaqligi
Oxunma sayı: 3441

Seymur Verdizadə

Üç il əvvəl şimal rayonlarımızın birində seçki prosesində gənclərin iştirakına dair tədbir keçirirdik. Ekspertlərdən birinin yaxın qohumu olduğu üçün rayon meşə təsərrüfatı idarəsinin müdiri də özünə əziyyət verib, məclisə təşrif buyurmuşdu. Sonda etika xatirinə ona da söz verdik. Siyasətdən uzaq olan bir əyalət məmurunun nə deyəcəyini təsəvvür etmək bir o qədər də çətin deyildi. Amma o, ümumiyyətlə, heç nə demədi. Vaxtın azlığını əsas gətirib, danışmaqdan mədəni şəkildə boyun qaçırdı.

Həmişə olduğu kimi, tədbir haqda press-reliz hazırlamaq bu dəfə də mənə həvalə olundu. Qeyd dəftərçəmi qarşıma qoyub, çıxışlardakı əsas tezisləri yazıya çevirdim. Meşə təsərrüfatı idarəsinin müdiri heç nə danışmadığı üçün onun əvəzinə özüm çıxış yazdım. Bu sahədə peşəkar olmasam da, ortaya babat bir mətn çıxara bildim. Hazırladığım məlumat ertəsi gün aparıcı qəzetlərin əksəriyyətində dərc olundu. Nahardan sonra meşə idarəsinin müdiri məni aradı. Telefonumun ekranında onun nömrəsini görəndə elə bildim ki, təşəkkür etmək üçün zəng vurub. Amma bunun əksi baş verdi. Adamın bir qədər soyuq danışdığını görəndə, niyə dilxor olduğunu soruşdum. Cavabı belə oldu: “Müəllim, xətrinizə dəyməsin, məni “zibil”ə salmısınız. İcra başçısı qəzetdə çıxan məqaləni oxuyandan sonra məni yanına çağırdı. Əvvəl bərk danladı. Dedi ki, sənin belə qabiliyyətin varsa, niyə indiyə kimi bir dəfə ağzını açıb iki kəlmə danışmamısan? Sonra da boynuma qoydu ki, bundan sonra rayonda keçirilən bütün tədbirlərdə birinci sən çıxış edəcəksən”.

Sakit və mədəni adam olan həmin məmuru tez-tez xatırlayıram. Amma utandığım üçün zəng edib soruşa bilmirəm ki, icra başçısının əlindən yaxasını necə qurtardı...

Bəlkə də bir neçə gün əvvəl oxşar hadisə baş verməsəydi, 2013-cü ilə ekskursiya etməyə lüzum qalmayacaqdı. Bu dəfə Aran rayonlarımızın birində baş həkim işləyən dostum məni aradı. Hal-əhval tutandan sonra dedi ki, sənə işim düşüb. Mənim həkimə deyil, həkimin mənə işi düşdüyü üçün Allaha şükür edib, hər cür əziyyətə qatlaşmağa hazır olduğumu bildirdim. Məlum oldu ki, yüksək rütbəli məmurlardan birinin iştirakı ilə üç gün sonra onların rayonunda geniş tərkibdə müşavirə keçiriləcək. Bunu deyib, dərhal da mətləbə keçdi: “Başçının göstərişi var, mən də çıxış etməliyəm. Xahiş edirəm, mənə yaxşı bir çıxış hazırla”.

Başqasının əvəzinə məruzə hazırlamaqdan xoşum gəlməsə də, ağsaqqalın xətrinə dəymədim. Ona söz verdim ki, sabah günortadan sonra çıxış hazır olacaq. Təşəkkür edəndən sonra bərk-bərk tapşırdı ki, bu işə ürəklə yanaşım: “Camaatı inandırmalıyam ki, qlobal iqtisadi böhranın Azərbaycana heç bir mənfi təsiri olmayıb”.

Onunla sağollaşandan sonra Milli Elmlər Akademiyasında çalışan alim dostuma zəng vurdum. Dedi ki, narahat olma, istədiyin materialı iki dəqiqə sonra sənin elektron ünvanına göndərəcəm. Dostum sözünün üstündə durdu və iki dəqiqə sonra İqtisadiyyat naziri Şahin Mustafayevin müəllifi olduğu irihəcmli bir məqaləni mənə göndərdi. Mən isə bir gün sonra Şahin müəllimin adını silib, həmin məqaləni baş həkimə göndərdim...

Jurnalist marağı güc gəldiyi üçün ertəsi gün ağsaqqalı aradım. Dedi ki, çox sanballı məruzədir, amma bir az qəlizdir: “Dünəndən bəri çalışsam da, yarısını güclə əzbərləmişəm”.

Ürəyimdə dedim ki, eybi yoxdur, hörmətli nazirə xəbər edərəm, bundan sonra bir qədər sadə dildə yazar...

İki gün sonra baş həkim özü mənə zəng vurdu. Dedi ki, çıxışı müşavirə iştirakçılarının çox xoşuna gəlib: “Bir-iki ay sonra bizim yerlər cənnətə dönəcək. Dost-tanışı da götürüb gələrsən. Sizə yaxşı bir kabab qonaqlığı verəcəm”.

Bəzi dostlarımızın ürəyində xal qalmaması üçün deyim ki, elə ordaca bu təklifdən imtina etdim. Hazırda məni başqa məsələ narahat edir: bir həkimin qlobal iqtisadi böhranın Avropada törətdiyi fəsadlardan danışmağına nə ehtiyac var? Axı, həmin həkim bu mənasız işə sərf etdiyi vaxtda ən azı iki xəstəyə şəfa verə bilər.

Belə daha yaxşı olmazmı?