Nazirin kəfəninin cibi

nazirin-kefeninin-cibi
Oxunma sayı: 647




Sürücü ilə birlikdə avtomobildə dörd nəfər olsa da, birinci o dilləndi: “Vətən üçün çox darıxmışam. Çatan kimi dizimi yerə qoyub, daşı, torpağı öpəcəyəm”.

Biz hamımız Şirvana getdiyimiz üçün onun bu bölgədən olduğuna şübhəm qalmadı. Fikirləşdim ki, uzun müddət xaricdə yaşadığından
yəqin doğma şəhəri üçün çox darıxıb. Qeyri-ixtiyari olaraq dilləndim: “Bakının torpağını öpdünüzmü? Axı, vətənin başı-ayağı olmur”.

İlan kimi fısıldadı: “Nə Bakı? Nə Şirvan? Mən 40 ildir Ukraynada yaşayıram. Mənim vətənim Ukraynadır”.

Peşə marağı güc gəldiyi üçün soruşdum: “Şirvana qonaq gedirsiniz?”

Dedi ki, əslən şirvanlıdır. Ukraynaya 40 il əvvəl köçüb. Həyat yoldaşı, uşaqları burda yaşadığı üçün ildə bir dəfə onlara baş çəkməyə gəlir. Sonra isə öz-özünə mızıldandı: “Kaş, gəlməyəydim...”

ANS kimi mənim də vətənpərvərlik damarım tutdu: “Niyə doğma vətəninizə qarşı bu qədər laqeydsiniz? Onsuz da bu ölkəyə bir faydanız dəymir...”

Alnındakı damarlar şişməyə başladı. Boğuq səslə cavab verdi : “Mən sizin ölkənizə heç vaxt ziyan vurmamışam. Ukraynada qazandığım pulların hesabına Azərbaycanda 3 ailə saxlayıram”.

Söhbətimizin getdikcə gərginləşdiyini başa düşsəm də, onu cavabsız buraxmadım: “Ailəsinə, uşaqlarına baxmaq hər bir kişinin borcudur!”

Gözlədiyimin əksinə olaraq, bu dəfə mülayim səslə danışdı: “Düz deyirsən, kişi qazandığı pulu ailəsinə xərcləməlidir. Amma burda olanda mənim qazancım polisin, məhkəmənin cibinə gedir. Buna görə də Azərbaycana qayıtmaq istəmirəm”.

Taksi sürücüsü və öndə əyləşmiş sərnişin diqqətlə bizə qulaq asdığı üçün söhbətin yarımçıq qalmasını istəmədim: “Ukraynada rüşvət yoxdur?”

Bir qədər yerində qurcalanandan sonra belə cavab verdi: “Amerikada da rüşvət var. Amma Azərbaycanda olan rüşvət dünyanın heç bir yerində yoxdur. Həyat yoldaşımı pensiyaya çıxarmaq üçün məndən 4 min manat rüşvət istədilər. Ukraynada isə pensiyaya çıxan adamdan cəmi 100 dollar şirinlik alırlar”.

Bu problem mənə tanış olduğu üçün mövzunu dəyişdim: “Ağsaqqal, Ukraynada nə işlə məşğul olursan?”

Yenə səsinə mülayimlik qatdı: “Yük maşını sürürəm. Qazandığım pulun bir hissəsini özümə saxlayıram. Qalanını isə Azərbaycana göndərirəm. Oğlanlarımın ikisi də evlidir. Onların ailəsinə də mən baxıram”.

Onunla zarafat etmək istədim: “Yox əşşi, sən sürücü yox, nazir işləyirsən. Maşın sürməklə üç-dörd ailə saxlamaq olmaz”.

Səsimdəki ironiyanı tutmadığı üçün əvvəlki ciddiyyətlə söhbətinə davam etdi: “Allah bərəkət versin, qazancım pis deyil. Bir də ki, Ukraynada çox ucuzluqdur. Yumurtanın birini sizin pulla 3 qəpiyə alırıq. Quzu əti 3, dana əti 4, toyuq ətinin bir kiloqramı Azərbaycan pulu ilə 1,5 manatdır. Qəndin, şəkərin kilosu 60-70 qəpikdir”.

Bayaqdan bəri sakitcə bizə qulaq asan taksi sürücüsü ilk dəfə sükutu pozdu: “Ukraynalılar xoşbəxt adamlardır”.

Ukraynada yaşayan soydaşımız qoca sürücünün bu sözlərindən daha da həvəsləndiyi üçün söhbətinə qaldığı yerdən davam etdi: “Azərbaycana gələndə pulumun çoxu telefon danışığına gedir. Ukraynada isə mobil rabitə xərci çox ucuzdur. Sizin pulla ayda cəmi 6 manat ödəməklə gündə 1 saat şəbəkədaxili, 50 qəpik şəbəkəxarici danışıq imkanı əldə edirik”.

Kişi qəfildən söhbətinə ara verib, məndən soruşdu: “Sən 1 saatlıq şəbəkədxili zənglər üçün nə qədər pul ödəyirsən?”

Dedim ki, mən “Azercell” abonentiyəm. Bizdə şəbəkədaxili hər zəngin dəqiqəsi 7 qəpikdir. Gündə 60 dəqiqə danışsam, 4 manat 20 qəpik ödəməliyəm.

Deyəsən, həmsöhbətim mənim riyazi biliklərimi yoxlamaq istəyirdi. Bu dəfə o, gündə 50 qəpiklik şəbəkəxarici zənglər üçün nə qədər vəsait ödədiyimi soruşdu.

Orta məktəbdə riyaziyyatı bir qədər zəif oxusam da, ona dərhal cavab verə bildim: “Ağsaqqal, bizim “Azercell” digər mobil rabitə şirkətlərinə düşmən kimi baxır. Biz digər şirkətlərin abonentləri ilə danışanda hər dəqiqə üçün 14 qəpik ödəyirik. Bu isə o deməkdir ki, digər şirkətlərin abonentləri ilə 50 dəqiqəlik ünsiyyət bizə 7 manata başa gəlir”.

Ukraynada yaşayan soydaşımız qalib adamlar kimi arxaya yayxandı: “Ay oğul, əgər mən quzu ətinin kilosunu 3 manata, yumurtanın birini 3 qəpiyə alıramsa, 60 qəpiyə bir kasa ətli borş yeyirəmsə, niyə Ukraynanın torpağını öpməməliyəm?”

Yemək söhbəti məni təngə gətirdiyi üçün dözməyib, dedim: “Əsl insan bir qəpik yemək üçün yaşamamalıdır. Adam öləndə özü ilə o biri dünyaya cəmi beş arşın ağ aparır”.

Kişi ilan sancmış adamlar kimi yerindən sıçradı: “Bəs, sizin ölkənin nazirləri niyə camaatı çapıb-talayır? Onlar bilmirlər ki, kəfənin cibi yoxdur?”

Mənzil başına çatdığımız üçün həmsöhbətimin sualını cavabsız qoydum. Hətta yolumuz uzansaydı, yenə mən bu suala cavab verə bilməyəcəkdim. Çünki vəzifəli şəxslərin var-dövlət ehtirasının nədən qaynaqlandığı mənim özümə də aydın deyil...