Nazirin müşaviri “Paris Air Show-2019” sərgisində

nazirin-musaviri-paris-air-show-2019-sergisinde
Oxunma sayı: 998

Fransa Kosmik Sənaye Assosiasiyasının himayədarlığı ilə Parisdə keçirilən “Paris Air Show-2019” sərgisi iyunun 17-dən işinə başlayıb. Hərbi təyinatlı aviasiya sahəsində dünyanın ən nüfuzlu sərgilərindən biri olan bu tədbirdə Müdafiə Sənayesi Nazirliyini müşavir Fərrux Vəzirov təmsil edir.

"Qafqazinfo"ya daxil olan məlumata görə, sərgi çərçivəsində nazirin müşaviri Fərrux Vəzirov Fransanın “Nexter”, “Thales”, “CS Communication”, “Lacroix” və Türkiyənin “TAİ” şirkətlərinin rəhbərləri ilə görüşüb. Görüşlərdə hərbi-texniki əməkdaşlığa dair məsələlər müzakirə edilib.

“Nexter” şirkətinin rəhbərliyi ilə görüşdə müxtəlif növ müdafiə təyinatlı məhsulların, o cümlədən Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində mövcud olan istehsal sahələrində təkərli zirehli texnikanın birgə istehsalı, robot texnikası sahəsində dəniz və hava platformaları üzərində müxtəlif növ silahların istehsalı və inteqrasiyası da daxil olmaqla əməkdaşlığın yaradılmasına dair danışıqlar aparılıb. Tərəflər arasında bu layihələrin həyata keçirilməsi üzrə yol xəritəsi müəyyən edilib. Görüşdə “Nexter” şirkətinin ekspertlərinin iyulda Azərbayacana nəzərdə tutulan səfərləri çərçivəsində danışıqların davam etdirilməsinə dair razılıq əldə edilib.

Sərgi çərçivəsində Fransa Müdafiə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Thomas Lorne ilə görüş olub. Görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın yaradılması istiqamətində danışıqlar aparılıb.

Görüşlərdə Fərrux Vəzirovu Fransanın Azərbaycandakı hərbi attaşesi, polkovnik-leytenant Danny Pith müşayiət edib.

“Paris Air Show-2019” sərgisi işini iyunun 23-dək davam etdirəcək.