“Qafqazinfo”nun məlumatına görə, yeni hökumət 16 nazir və onların müavinləri daxil olmaqla 41 üzvdən ibarətdir və əvvəlki tərkibdən yeddi nəfər azdır. Hökumətin tərkibinə 9 yeni siyasətçi daxil edilib. Nazirlər kabinetində yeni maliyyə, xarici işlər, müdafiə, ədliyyə və ətraf mühitin mühafizəsi nazirləri təyin olunub.
Maliyyə nazirliyinə keçmiş müdafiə naziri və hakim partiyanın veteranı Evanqelos Venizelos başçılıq edəcək. Evangelos Venizelos həmçinin baş nazirin müavinlərindən biri olacaq. Yunanıstan hökumətinin sərt iqtisadi tədbirləri müqabilində Afinaya kredit dəstəyinin davam etdirilməsinə dair Avropa İttifaqı və Beynəlxalq Maliyyə Fondu ilə danışıqları bundan sonra məhz Evanqelos Venizelos aparacaq.
Yeni müdafiə naziri isə Panos Beqlitis olub. Keçmiş maliyyə naziri Yorqo Papakonstantinu isə ətraf mühitin mühafizəsi naziri təyin edilib. Yunanıstanın xarici işlər naziri isə Avropa Parlamentinin deputatı Stavros Lambrinidis olub. O, yeni nazirlər kabinetinin tərkibinə daxil olmayan Dimitris Drutsası bu postda əvəz edib. Ədliyyə naziri Miltiadis Papaioannu, baş nazir yanında dövlət naziri və hökumətin yeni rəsmi təmsilçisi İlias Mosialos, həmçinin 6 yeni nazir müavini təyin edilib.
Nazirlər kabinetinin bu gün ilk iclası keçiriləcək, iyunun 19-da isə parlamentdə hökumətə etimad səsverməsi ilə bağlı 3 günlük müzakirələr başlayacaq. Parlamentdə yeni nazirlər kabinetinə etimad səsverməsi isə iyunun 21-də keçiriləcək.
Qeyd edək ki, Yunanıstan hökumətində dəyişiklik ötən axşam təsdiqlənib. Baş nazir Yorqo Papandreu isə bəyan etdiyi islahatların icrasını davam etdirəcəyini bildirib. Dövlət borcu 350 milyard avroya yaxınlaşan Yunanıstan defolt astanasındadır. Xatırladaq ki, bu ölkə 2010-cu ildə Avropa İttifaqı və Beynəlxalq Maliyyə Fondundan 110 milyard avro kredit əldə etsə də, bu il həmin vəsaitin kifayət etmədiyi məlum oldu. Hazırda Avropada Yunanıstana əlavə yardımın ayrılması məsələsi müzakirə edilir. Röterz xəbər verir ki, Beynəlxalq Maliyyə Fondu ötən gün Yunanıstana 12 milyard avro maliyyə yardımı ayırmağı qərara alıb. Fond bu barədə məlumatı iyunun 29-dək açıqlamalıdır.
Minə