Nazirlər Kabinetində iclas keçirilib

nazirler-kabinetinde-iclas-kecirilib
Oxunma sayı: 1686

Nazirlər Kabinetində Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının səkkizinci iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Baş Nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov iclasın gündəliyində duran məsələlərdən danışıb.

O, iclasın əsas məqsədinin Birləşmiş Millətlər Təşkilatının Yüksək Səviyyəli Siyasi Forumuna təqdim olunacaq İkinci Könüllü Milli Hesabatın təqdimatı və təsdiq edilməsi, həmçinin Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının fəaliyyətinin səmərəli təşkili məqsədilə dövlət orqanlarının nümayəndələrindən ibarət İşçi Qruplarının tərkibinə yeni qurumların nümayəndələrinin daxil edilməsi məsələləri olduğunu deyib.

İkinci Könüllü Milli Hesabatın təqdimatının hazırlanması barədə məlumat verən Əli Əhmədov bildirib ki, Azərbaycan BMT-yə dayanıqlı inkişaf üzrə ikinci hesabat verən 14 ölkədən biri olacaq. Azərbaycanın sürətlə dəyişən bir gənc ölkə kimi bütün nailiyyətləri, eləcə də ölkəmizdə insan amilinin inkişaf etdirilməsi ilə bilavasitə əlaqədar olan məsələlər bu hesabatda öz əksini tapıb. Əli Əhmədov vurğulayıb ki, sənəddə Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda sosial sahədə həyata keçirilən islahatlar, ölkə vətəndaşlarının sosial rifahının artımı üçün görülən tədbirlər geniş qeyd olunub. Sənədin yüksək peşəkarlıqla hazırlandığını deyən Baş Nazirin müavini bu sahədə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının tərkibində yaradılan işçi qrupların fəaliyyətini də təqdirəlayiq qiymətləndirib.

Sonra gündəlikdəki hər iki məsələ ilə bağlı Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov təqdimat edib. Təqdimatdan sonra Şura üzvlərinin çıxışları olub. İclasda Milli Əlaqələndirmə Şurasının fəaliyyətə başladığı dövrdən sonra kifayət qədər işlərin görüldüyü və qarşıya qoyulan mühüm vəzifələrin yerinə yetirildiyi bildirilib.

Sonda İkinci Könüllü Milli Hesabat, həmçinin Şuranın dövlət orqanlarının nümayəndələrindən ibarət İşçi Qruplarının tərkibinə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələrinin daxil edilməsi məsələsi Şura tərəfindən təsdiqlənib.