Nazirlər Konfransında “CAREC 2020” strategiyası təsdiqlənib

nazirler-konfransinda-carec-2020-strategiyasi-tesdiqlenib
Oxunma sayı: 647

Strategiya CAREC Proqramının ilk 10 ildə əldə etdiyi nailiyyətləri nəzərə almaqla regional əməkdaşlığın intensivləşdirilməsini ehtiva edir.
“Qafqazinfo”nun məlumatına görə, konfransın sonunda Asiya İnkişaf Bankının prezidenti Haruhiko Kuroda mətbuat konfransı keçirib. “Asiya daxilində regional əməkdaşlıq növbəti onilliklərdə əhəmiyyətli dərəcədə daha vacib olacaq,” deyən H. Kuroda əlavə edib ki, regional əməkdaşlıq, xüsusilə də CAREC Proqramı, fərdi iqtisadiyyatları transformasiya etməklə onların əhatəsini genişləndirə və inkişaf potensialını artıra bilər.

"CAREC 2020” CAREC Proqramının növbəti on il üçün kollektiv görüşünü, məqsədlərini və vəzifələrini əks etdirir” deyə Azərbaycanın İqtisadi İnkişaf Naziri Şahin Mustafayev qeyd edib: "Biz hamımız bunun baş verməsinə şadıq, çünki biz inanırıq ki, regional əməkdaşlıq bizim firavan regionun yaradılması ilə bağlı məqsədlərimizin həyata keçməsində vacib vasitədir”.

“CAREC 2020” əsas xarici bazarlara çıxış imkanları açan və region daxilində ticarəti genişləndirən strateji regional investisiyalar vasitəsilə üzv ölkələrə beynəlxalq ticarəti genişləndirməkdə və onların qlobal iqtisadiyyatdakı rəqabətə davamlılığını artırmaqda kömək edəcək.

2001-ci ildə təsis edilən CAREC Proqramına aşağıdakı ölkələr daxildir: Əfqanıstan, Azərbaycan, Çin Xalq Respublikası, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan. Proqram enerji, nəqliyyat və ticarət sahələrində regional layihələrin həyata keçirilməsini təşviq edir. 2001-ci ildən etibarən Asiya İnkişaf Bankı (AİB) CAREC Proqramının Katibliyi kimi fəaliyyət göstərir.


Nigar Məmmədli