Nazirlik 145 ov tüfəngi müsadirə edib

nazirlik-145-ov-tufengi-musadire-edib
Oxunma sayı: 1566

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən “Ovçuluq haqqında” və “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə əməl olunması vəziyyətinin araşdırılması, respublika ərazisində çöl quşlarının və vəhşi heyvanların qanunsuz ovlanması, saxlanması hallarının qarşısının alınması məqsədilə reydlər keçirilir. 

“Qafqazinfo” xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, 2017-ci ilin 11 ayı ərzində keçirilən reydlər zamanı qanunsuz ovla məşğul olan 165 vətəndaş saxlanılaraq onlardan 145 ov tüfəngi, 601 patron, 69 ədəd quş və heyvan götürülüb. Qanun pozucuları barəsində protokollar tərtib edilərək 131 nəfərə 133793 manat məbləğində inzibati qaydada cərimə və iddia tətbiq olunub, 34 fakt üzrə təqsirkarların şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün aidiyyəti rayon polis orqanlarına müraciət edilib. 

Eyni zamanda keçirilən reydlər zamanı ayrı-ayrı ictimai-iaşə obyektlərində vəhşi təbiətdən qanunsuz götürülən quş və heyvanların qeyri-sərbəst şəraitdə, qəfəsdə saxlanılması ilə bağlı 17 fakt aşkar edilib. Faktlarla bağlı qanun pozucuları barəsində protokollar tərtib edilərək hər biri inzibati qaydada 500 manat məbləğində cərimə olunub, vəhşi quş və heyvanlar götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil verilib. 

Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.