Nazirlik ağac budaqları kəsən şəxsi cərimələdi

nazirlik-agac-budaqlari-kesen-sexsi-cerimeledi
Oxunma sayı: 877

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Gəncə şəhər sakini Ənvər Mustafayev tərəfindən Yeni Gəncə yaşayış massivi M.C.Paşayev küçəsində ağacların qanunsuz kəsilməsi ilə bağlı şikayət daxil olub. Şikayət Nazirliyin yerli qurumlarının əməkdaşları tərəfindən şikayətçinin iştirakı ilə yerində araşdırılıb.

“Qafqazinfo” xəbər verir ki, əraziyə keçirilən baxış zamanı 100 m2 torpaq sahəsinin hasara alındığı, hasar daxilində 9 ədəd müxtəlif cinsli və diametrli ağacın bioloji inkişafda olduğu, 1 ədəd sərv ağacının isə tikintiyə maneəçilik törətdiyi üçün alt budaqlarının qanunsuz kəsildiyi aşkar edilib. 

Araşdırma zamanı sözügedən ərazinin Gəncə şəhəri Nizami rayonu İcra Hakimiyyəti başçısının sərəncamı ilə Hamlet Nağıyevə ticarət obyektinin tikintisi üçün verildiyi məlum olub. 
      
Faktla bağlı H.Nağıyev barəsində protokol tərtib olunub və o inzibati qaydada 200 manat məbləğində cərimə edilib, ağacların qorunub mühafizə edilməsi üçün akt tərtib olunaraq torpaq istifadəçisinə təhvil verilib.

Gəncə şəhəri Mənzil Kommunal Təsərrüfatı Birliyinin Yaşıllaşdırma Şöbəsinə isə icrası məcburi olan müddətli “məcburi  göstəriş” verilib, eyni zamanda Gəncə şəhəri Nizami rayonu İcra Hakimiyyətinə müraciət olunub.