Nazirlik Avropa təcrübəsindən istifadə edəcək

nazirlik-avropa-tecrubesinden-istifade-edecek
Oxunma sayı: 631

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, layihənin texniki tapşırığının hazırlanması, ekspert rəy və təklifinin verilməsi məqsədilə Avropa Komissiyasının ekspertləri Azərbaycanda səfərdədir.

Bununla əlaqədar iyulun 24-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa Komissiyasının ekspertləri ilə birgə “Avropa Qonşuluq Siyasəti və Tvinninq proqramlarının mahiyyəti” mövzusunda seminar keçirilib. Seminarda nazirliyin aidiyyatı strukturlarının rəhbərləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, habeləAvropa Komissiyasının və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin ekspertləri iştirak edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənov tədbiri giriş sözü ilə açaraq bildirib ki, Avropa Qonşuluq siyasəti və tərəfdaşlığı çərçivəsində Azərbaycan Respublikasının bütün sosial-iqtisadi sahələrində həyata keçirilən islahatların səmərəli nəticələrinə nail olmaq məqsədilə,son dövrlərdə nazirlik də Tvinninq və TAİEX proqramları çərçivəsində Avropanın qabaqcıl dövlətləri ilə effektiv şəkildə əməkdaşlıq edir.

İslahatlar çərçivəsində nazirliyin əsas prioritet istiqaməti sosial müdafiə sistemində mövcud olan qanunvericiliyin mərhələlərlə Avropa İttifaqına üzv olan dövlətlərin qanunvericiliyinə uyğunlaşdırılmasından ibarətdir. Xüsusən də Tvinninq və TAİEX layihələrində bu məsələ əsas fəaliyyət istiqaməti və əldə olunacaq müsbət nəticə kimi irəli sürülüb.

Seminarda sosial müdafiə sisteminin islahatları çərçivəsində Tvinninq layihələrinin mahiyyəti, məqsədi, mütləq nəticələri müzakirə edilib, layihələr çərçivəsində həyata keçirilən əsas tədbirlər barədə məlumat verilib. Tədbirdə «Əlilliyi olan şəxslər üçün qabaqcıl Avropa ölkələrinin təcrübəsinə əsaslanan tibbi-sosial reabilitasiya sisteminin inkişafı» layihəsi ilə bağlı rəy və təkliflər irəli sürülüb.