Nazirlik Bakıdakı bu ərazini nəzarətə götürdü - Video

nazirlik-bakidaki-bu-erazini-nezarete-goturdu
Oxunma sayı: 6426

Xəbər verdiyimiz kimi, dünən Şərifzadə küçəsi 130A ünvanında yaşıllıqların dibinə kimyəvi maddə tökülməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) şikayət daxil olub. Məsələ qurumun əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb və məlum olub ki, həqiqətən də sözügedən yaşıllıq sahəsində müxtəlif cinsli 21 ədəd ağacın qurudulması məqsədilə dibinə mənşəyi məlum olmayan maddə tökülüb.

Qanun pozuntusunun müəyyən edilməsi və barəsində qanunamüvafiq tədbirin görülməsi məqsədilə nazirlik tərəfindən Bakı Şəhər Polis İdarəsinə müraciət olunub. Bu gün həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində isə Yasamal rayonu ərazisində yaşayan Real Göyüşov şübhəli şəxs qismində saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağaclarn bioloji inkişafdan dayanmasının qarşısını almaq məqsədilə ərazini öz himayəsinə götürüb. “Qafqazinfo”nun əməkdaşları da sözügedən əraziyə yollanaraq görülən işlərlə yaxından tanış olublar. Belə ki, ETSN tərəfindən hazırda yaşıllıq sahəsinə tərkibi minerallarla zəngin torpaq daşınıb, hər bir ağaca gübrə verildikdən sonra ərazi suvarılıb.

Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin direktoru Əlişah Rəcəbov bildirib ki, görülən işlərdən sonra ağacların vəziyyəti normaldır və onlara mütəmadi olaraq qulluq ediləcək:

“Birinci növbədə kimyəvi məhlul torpaq qatı ilə birlikdə qazılıb götürülüb, əvəzinə meşə torpağı verilib. Hazırda da ərazi nazirlik tərəfindən nəzarətə götürülüb. Müntəzəm olaraq ağacların inkişafını diqqətdə saxlayacağıq.

Bu təşəbbüslə nazirlik bəzi işbazlara, ağaclara qəddar münasibət göstərənlərə demək istəyir ki, ağacları qurudub məhv etmək yox, onlara aqrotexniki qulluq etmək, qorumaq lazımdır. Ağaclar bizim oksigenimiz, gələcəyimizdir”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın sözlərinə görə, nazirlik tərəfindən yaşıllıqlara qənim kəsilənlərlə bağlı sərt və bağışlanmaz mövqe nümayiş olunur və olunacaq:

“Görünür ki, bəzi işbazlar da artıq ağacları kəsə bilmədiklərindən belə qəddar üsullara əl atırlar. Məqsədimiz sırf cərimə və sanksiyalar tətbiq etmək deyil. Məqsəd, təbliğat və maarifləndirmə yolu ilə yaşıllıqlara, ətraf mühitə səmimi münasibəti formalaşdırmaqdır”.

Mətbuat katibi onu da əlavə edib ki, aparılan maarifləndirmə işlərinin nəticəsi olaraq son vaxtlar vətəndaşlar tərəfindən ağacların qorunması məqsədilə nazirliyə edilən müraciətlərin sayı artıb: “Bir neçə gün bundan öncə vətəndaş bizə zəng vuraraq yaşıllıq hissənin hasara alındığını dedi. Əməkdaşlarımız dərhal hadisə yerinə getdi və yüzlərlə ağac kəsilmədən xilas oldu. Bir daha vurğulamaq istəyirəm ki, nazirlik olaraq yaşıllıqların qanunsuz kəsilməsinə, qurudulmasına edilən cəhdlərin birmənalı olaraq qarşısını alacağıq. Bu qanunsuzluğu edənlərə qarşı sərt tədbirlər görüləcək. Yaşıllıqların qorunması üçün biz ictimaiyyət nümayəndələri ilə, ayrı-ayrı vətəndaşlarla, KİV-lərlə sıx əməkdaşlığı davam etdirəcəyik”.

Günel Hacı

Foto-Video: Pərvin Zeynal