Nazirlik bu diplomları tanıyacaq - Şərtlər

nazirlik-bu-diplomlari-taniyacaq-sertler
Oxunma sayı: 697

Trend-in məlumatına görə, Azərbaycanın təhsil nazirinin müavini Qulu Novruzov çərşənbə günü 6-cı Beynəlxalq Təhsil və Karyera Sərgisinin açılışı ilə əlaqədar keçirilən mətbuat konfransında bildirib ki, əslində, Təhsil Nazirliyinin bu və ya digər ölkənin konkret ali məktəbinin diplomunun tanıyıb-tanımaması baxımından məsələyə yanaşma yanlışdır. Çünki beynəlxalq aləmdə, o cümlədən Azərbaycanın da daxil olduğu Avropa regionunda diplomların qarşılıqlı tanınması ilə bağlı Beynəlxalq Konvensiya və bu prosesləri tənzimləyən çoxtərəfli müqavilələr var.

Novruzov deyib ki, ali məktəblər özləri bu prosesdə iştirak etmirlər.
Onun sözlərinə görə, 1996-cı ilin mayında imzalanmış, həmin ilin sentyabrında Azərbaycan Parlamenti tərəfindən ratifikasiya olunmuş Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya iştirakçı ölkələrin diplomlarının hər bir ölkənin daxili qanunvericiliyi, xarici diplomların tanınması üçün müəyyən etdiyi prosedurlar əsasında tanınmasına əsas verir. Azərbaycanda da bu qaydalar Nazirlər Kabineti tərəfindən təsbit olunub.

Konvensiyaya əsasən, diplomu tanımaq üçün iki mühüm şərt var. Birincisi, xarici vətəndaşa ixtisas verən təhsil müəssisəsinin öz ölkəsində akkreditasiya olunması, yəni qanuni ali məktəb olmasıdır. İkinci şərt isə, tələbənin həmin məktəbdə həqiqi şəkildə oxuyaraq diplomu almasıdır.

"Bunu gizlətmək lazım deyil. Moskvada metro keçidlərində insanlar "diplom, attestat, əmək kitabçası" yazılan lövhələri əllərində tuturlar. Yəni, insanlara bu tipli diplomlar da verilir. Müəssisənin akkreditasiya olunması ilə yanaşı, tələbənin tədris prosesində iştirak etməsi və oxuyaraq diplom alması vacibdir. Əgər bu şərt ödənilibsə, onda bizim diplomu tanımamağa əsasımız yoxdur", - nazir müavini əlavə edib.