Nazirlik əməkdaşını güllələyənə hökm oxundu - 15 il

nazirlik-emekdasini-gulleleyene-hokm-oxundu
Oxunma sayı: 2371

Şirvan Milli Parkında qanunsuz ceyran ovlayan və milli parkın sahə müfəttişini yaralayan brakonyerlər həbs olunub.

Ekologiya və Təbii Sərvətlər nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, martın 30-da qanunsuz ov etdiyinə və Şirvan Milli Parkının əməkdaşını qəsdən ov tüfəngi ilə yaraladığına görə Rahil Ağayev məhkəmənin 16 avqust 2018-ci il tarixli qərarı ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 15 il, Elvin İsrafilov isə cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 2 il müddətə azadlıqdan məhrum edilib. Bir baş ceyranın qanunsuz ovlanması nəticəsində təbiətə dəymiş ziyana görə cinayətkarlar 1650 manat məbləğində cərimə olunub.

Xatırladaq ki, qanunsuz ov edən şəxslərin saxlanılması zamanı parkın sahə müfəttişi Şirəli Xalıqov brakonyerlər tərəfindən bilərəkdən ov tüfəngindən açılan atəş nəticəsində qarın nahiyəsindən güllə yarası almışdı.