Nazirlik işçiləri toplandı

nazirlik-iscileri-toplandi
Oxunma sayı: 890


“Qafqazinfo” xəbər verir ki,nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş kollegiya iclasında iqtisadiyyat və sənaye naziri, Kollegiyanın sədri Şahin Mustafayev 2014-cü ilin I yarısında qazanılmış sosial-iqtisadi nailiyyətlər və qarşıda duran vəzifələr barədə məlumat verib.

O, makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatın şaxələndirilməsinin və qeyri-neft sektorunun inkişafının davam etdirilməsi, investisiya qoyuluşunun hazırkı tempinin saxlanılması, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" və "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində bütün əsas infrastruktur və sosial məsələlərin həll edilməsi, keyfiyyətə ciddi diqqət yetirilməsi, kənd yollarının təmir və tikintisi, şəhər və kəndlərin içməli su ilə təminatının yaxşılaşdırılması, qazlaşdırmanın 95-97%-ə çatdırılması, TANAP, "Şahdəniz-2" layihələrinin icrasında yerli şirkətlərin iştirakı, Bakı-Tiflis-Qars dəmir yolunun Azərbaycana bağlı olan hissəsinin tikintisinin bu ilin sonuna qədər başa çatdırılması, yaxın aylarda Ələt Beynəlxalq Ticarət Limanının birinci mərhələsinin istismara verilməsi və sair barədə Prezidentin tapşırıqlarının icrası üçün göstərişlərini verib.

Azərbaycan prezidentinin tapşırığına uyğun olaraq qarşıdakı dövrdə də kənd təsərrüfatının inkişafı prioritet istiqamətlərdən biri olaraq qalacaq.

Nazirlər Kabinetinin iclasında prezident İlham Əliyev 2014-cü ildə Şəmkirçay su anbarının istifadəyə verilməsi, suvarılan torpaqların uçotunun təkmilləşdirilməsi, iri taxılçılıq və fermer təsərrüfatlarının yaradılmasının davam etdirilməsi, aqrar sahədə qabaqcıl ölkələrin təcrübə və texnologiyasının tətbiqi, yeni əkin sahələrinin dövriyyəyə buraxılması və bu sahədə dəqiqləşdirilmənin aparılması, əsas kənd təsərrüfatı məhsulları ilə özünü təminetmə səviyyəsinin yüksəldilməsi və 100%-ə çatdırılması, yeni bazarlara çıxış imkanlarının araşdırılması, Avropa bazarlarına böyük həcmdə kənd təsərrüfatı məhsullarının çıxarılması, uzunmüddətli Məşğulluq Konsepsiyasının müzakirəsinə başlanması və s. kimi mühüm vəzifələr müəyyənləşdirilib.

Kollegiyanın sədri Ş.Mustafayev dövlət başçısının Azərbaycanın bütün sahələrdə inkişafının istiqamətlərini müəyyənləşdiyi çıxışından irəli gələn vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün Nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar verib.

İclasda Azərbaycan prezidenti İlham Əliyev tərəfindən İqtisadiyyat və Sənaye Nazirliyi qarşısında qoyulmuş vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması qərara alınıb.

Kollegiya iclasında həmçinin Azərbaycan Respublikası Prezidentinin 12 mart 2014-cü il Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nda nəzərdə tutulmuş tədbirlərin, dövlət başçısının "Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" 16 yanvar 2014-cü il tarixli Sərəncamından və "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında" 16 aprel 2014-cü il tarixli Fərmanından irəli gələn vəzifələrin aidiyyəti üzrə icra vəziyyəti geniş müzakirə olunub.

İclasda cari məsələlər də müzakirə edilmiş, müvafiq qərarlar qəbul olunub.