Nazirlik Qubada müşavirə keçirdi

nazirlik-qubada-musavire-kecirdi
Oxunma sayı: 790

Qubada şimal bölgəsinin fermerləri mütəxəssislərlə birlikdə “Yeni intensiv bağların salınmasında innovativ metodlarla alınmış tinglərdən istifadə olunması və tingçiliyin elmi əsaslarla inkişafı” mövzusunu müzakirə ediblər.

Kənd Təsərrüfatı Nazirliyindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti ilə Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun birgə təşkil etdikləri regional müşavirədə Dövlət Fitosanitar Xidmətinin, Aqrar Elm və İnnovasiya Mərkəzinin mütəxəssisləri də iştirak edib.

Müşavirə tingçiliyin elmi əsaslarla inkişafı, yeni intensiv bağların salınması, becərilməsi, damcı suvarma üsulunun tətbiqi, ting istehsalı, intensiv bağların salınmasında tinglərə tələbatın yerli istehsal hesabına ödənilməsi məsələlərinin müzakirəsi məqsədilə təşkil olunub. Bununla yanaşı, bölgə fermerləri tamamilə yenidən qurulmuş Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda yaradılan şərait və burada innovativ metodlarla ting istehsalı texnologiyaları ilə əyani tanış olmaq imkanı qazanıblar.

Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov müşavirdə “Respublikada tingçiliyin inkişafında yeni innovativ texnologiyaların tətbiqi və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış edərək, son zamanlar aqrar sahədə həyata keçirilən islahatlardan danışıb.

İmran Cümşüdov qeyd edib ki, daim fermerlərin yanında olmaq və onların qarşılaşdıqları problemlərin yerində həll edilməsi rəhbərlik tərəfindən qarşıya əsas vəzifələrdən biri kimi qoyulub.

Müşavirdə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov “Yeni innovativ metodlarla ting istehsalı”, institutun biotexnologiya laboratoriyasının müdiri Sevil Süleymanova “Mikroklonal çoxaltma üsulu ilə meyvə calaqaltılarının çoxaldılması” mövzularında çıxışlar ediblər.