Nazirlik rəhbərliyi cənub rayonlarında vətəndaşlarla görüşüb

nazirlik-rehberliyi-cenub-rayonlarinda-vetendaslarla-gorusub
Oxunma sayı: 952

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Astara rayonunda vətəndaşları fərdi qaydada qəbul edib.

"Qafqazinfo" xəbər verir ki, qəbuldan əvvəl S.Babayev və Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.

Vətəndaşlar əsasən sosial təminat, məşğulluq, aktiv məşğulluq tədbirlərinə və özünüməşğulluq proqramına cəlb olunma, tibbi-sosial reabilitasiya, əmək hüquqlarının müdafiəsi və s. məsələlərlə bağlı müraciət ediblər.

S.Babayev vətəndaşlarla görüşündə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya, müavinət və təqaüdlərin əhəmiyyətli şəkildə artırılması üçün atılan addımlar barədə məlumat verib. Nazir əmək, məşğulluq, sosial təminat sahələrində xidmətlərin keyfiyyətinin artırılması, bu xidmətlərin şəffaflaşdırılması və operativ təşkili, vətəndaş məmnunluğuna nail olunması istiqamətində aparılan islahatları diqqətə çatdırıb.

Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavinləri Mətin Kərimli Lənkəran rayonunda, Anar Kərimov isə Masallı rayonunda vətəndaşları fərdi qaydada qəbul ediblər. Vətəndaşların müraciətlərində əksini tapan məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər görülüb. Eləcə də vətəndaşların sosial təminat növlərinə hüququn müəyyən olunması, əlilliyin qiymətləndirilməsi, reabilitasiya, məşğulluq xidmətləri və s. barədə sorğuları cavablandırılıb, ayrı-ayrı müraciətlər araşdırılmaq üçün qeydiyyata alınıb.