Nazirlik saytını yenilədi

nazirlik-saytini-yeniledi-
Oxunma sayı: 652

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi www.mincom.gov.az ünvanında yerləşən rəsmi internet-resursunun tam yenilənmiş versiyasını təqdim edib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun “Qafqazinfo”ya verdiyi məlumata görə, yeni saytın işə salınması 6 dekabr – rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı gününə təsadüf edir: “Saytın yenidən işlənməsində məqsəd ilk növbədə istifadə rahatlığı, naviqasiya sadəliyi, eləcə də müasir dizayn tendensiyaları, fərqli və nəzəri cəlb edəcək məhsul hazırlamaq arzusu olub. Hazırlıq prosesində dövlət strukturlarının saytlarına olan qanunvericilik tələbləri nəzərə alınıb və daha çox auditoriyanı cəlb etmək məqsədilə resurs üç dil - Azərbaycan, ingilis və rus versiyalarını təqdim edir. Saytın dizayn konsepsiyası üçün əsas kimi müasir cəmiyyətdə geniş təşəkkül tapmış mobil qurğular interfeysi götürülüb”.

Qeyd edək ki, saytda xüsusi diqqət cəmiyyətlə birbaşa əlaqəyə yönəlib, belə ki, saytın istənilən səhifəsinin ən yuxarı hissəsindən nazirliklə əlaqə yaratmaq olar. Bütün səhifələrdə RİTN-in vahid "Qaynar xətt" nömrəsi göstərilib. Sayt hər biri alt bölümə malik olan 6 əsas menyuya bölünür. Həmçinin əsas səhifədə həm ölkə, həm də ümumilikdə rayonlar üzrə sektorun maliyyə və iqtisadi göstəriciləri haqqında məlumat əldə etməyə imkan verən "İKT sektoru rəqəmlərdə" statistika bölməsi yerləşdirilib. Burada respublikanın interaktiv xəritəsi də yerləşir.

RİTN yeni saytın populyar sosial şəbəkələrə inteqrasiyasına çalışıb. Belə ki, bütün səhifələri "Facebook", "Twitter", "Google +" sosial şəbəkələrində paylaşmaq imkanı yaradılıb, həmçinin istənilən səhifəni elektron poçta göndərmək və çap etmək mümkündür.

Saytda həmçinin materiallara abunə, RSS, faydalı keçidlər səhifəsi, sürətli keçidlər, materiallar üzrə axtarış, nazirliyin xəritədə yerləşdiyi yer və s. kimi müasir funksiyalar dəsti yer alıb.

Nigar Məmmədli