Nazirlik sənədlərin sayını azaldıb

nazirlik-senedlerin-sayini-azaldib
Oxunma sayı: 1127

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya daxil olan məlumata görə, hazırda ünvanlı sosial yardım üçün müraciət edən vətəndaşlardan təmsil etdikləri ailənin tərkibi və gəlirləri barədə məlumatların təqdim edilməsi üçün ümumilikdə 5 sənəd tələb olunur.

Lakin yardım üçün müraciət edildiyi zaman ailənin tərkibində demoqrafik göstəricilər və ailənin gəlir mənbələri müxtəlif olduğu hallarda digər (törəmə) sənədlərin, o cümlədən fərdi əməkdən əldə edilən gəlirlər barədə rəsmi məlumat kimi məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi və belə gəlirlər barədə müvafiq arayışların tələb olunmasına zərurət yaranır. Nazirlik «Elektron Hökumət» portalının yaratdığı imkanlardan istifadə olunmaqla ünvanlı sosial yardım üçün vətəndaşlardan tələb olunan sənədlərin sayının daha  da azaldılması niyyətindədir. 

Bununla bağlı olaraq, vətəndaşların ünvanlı sosial yardım almaq hüququna baxılması üçün onlara dair müvafiq məlumatların aidiyyatı dövlət qurumlarının informasiya ehtiyatlarından əldə olunması işlərinə başlanmış və artıq Daxili İşlər Nazirliyinin, Vergilər Nazirliyinin  informasiya ehtiyatlarından istifadə reallaşıb. Digər müvafiq qurumların, o cümlədən   Ədliyyə Nazirliyinin, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin, Dövlət Sosial Müdafiə Fondunun da informasiya ehtiyatlarından istifadənin təmin olunması işləri yaxın günlərdə başa çatdırılacaq.