Nazirlikdə 6 ayın hesabatı verildi

nazirlikde-6-ayin-hesabati-verildi
Oxunma sayı: 642


"Qafqazinfo" xəbər verir ki, iclası giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarımilinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında nitqindən irəli gələn vəzifələr barədə danışaraq, ötən müddətdə respublikada aparılan uğurlu iqtisadi islahatlar nəticəsində qeyri-neft sektorunun dinamik inkişafına və artım tempinə nail olunduğunu qeyd edib. Sürətli inkişafda qeyri-neft sektorunun aparıcı sahəsi kimi İKT-nin müstəsna yeri olduğunu da bildirən nazir Dünya İqtisadi Forumunun “Qlobal İnformasiya texnologiyaları 2013” hesabatında Azərbaycanın 144 ölkə arasında “İKT-yə dəstəkdə hökumətin uğurları” indeksi üzrə 8-ci, “Hökumətin gələcək baxışlarında İKT-nin əhəmiyyətliliyi” indeksi üzrə 9-cu, “İnternetin əlçatanlığı” göstəricisinə görə isə 20-ci yerdə qərarlaşdığını xüsusi vurğulayaraq, İKT sektorunun inkişafı ilə bağlı gələcək plan və perspektivlərdən söz açıb. 

Daha sonra kollegiya iclasında cari ilin 6 ayı ərzində rabitə və informasiya texnologiyaları sektorunda görülmüş işlər və əldə olunan nəticələr barədə məruzə dinlənilib. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə İKT sektorunda  artım tempi 10.5 faiz təşkil edib, eyni zamanda “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Rabitə və İnformasiya Texnologi¬yaları Nazirliyi üzrə Tədbirlər Planı”na müvafiq olaraq, 6 ay ərzində həyata keçirilən işlər, tədbirlərin icra vəziyyəti barədə məlumat verilib. Sonra məruzə ətrafında RİTN-in bir sıra birlik və müəssisələrinin rəhbərlərinin çıxışları dinlənilib.

     Kollegiyaya yekun vuran nazir gələcək hədəflərə toxunaraq, ölkə başçısının sahə ilə bağlı müvafiq fərman və sərəncamları, o cümlədən dövlət proqramlarında nazirliyin üzərinə düşən vəzifələrin birmənalı şəkildə icrasının vacibliyini qeyd edib. Nazir “İKT ili” çərçivəsində rəqəmli TV yayımının genişləndirilməsi, poçt sahəsində qeyri-ənənəvi xidmətlərin artırılması, informasiya təhlükəsizliyi, tənzimlənmə, “E-hökumət”, “Elektron imza”, ümumilikdə elektron xidmətlərin həcminin artırılması və sürətləndirilməsi, genişzolaqlı internet xidmətlərinin ölkənin bütün ərazisində tətbiqi ilə bağlı tədbirlərin davam etdirilməsi, Prezident yanında Elmin İnkişafı Fondu ilə birgə reallaşması nəzərdə tutulan layihələr, o cümlədən RİTN sahəsində çalışan məmurların vətəndaşlarla ünsiyyətinin daha sıx şəkildə qurulması, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, “Bakutel” sərgi-konfransına hazırlıq işlərinin sürətləndirilməsi, bu il ölkəmizdə keçiriləcək prezident seçkiləri prosesində Mərkəzi Seçki Komissiyası ilə birgə İKT-nin tətbiqinin yüksək səviyyədə təşkili üzrə müvafiq tövsiyələrini bildirərək, bunlarla yanaşı, mövcud nöqsan və çatışmazlıqların da aradan qaldırılması ilə bağlı tapşırıqlarını verib.