Nazirlikdə kollegiya iclası keçirilib

nazirlikde-kollegiya-iclasi-kecirilib
Oxunma sayı: 634

İclasdan öncə Səyyar Əmək Birjalarının təşkili məqsədilə alınmış və müvafiq texniki imkanlarla təchiz edilmiş nəqliyyat vasitələrinə baxış olub. Qeyd edək ki, bu avtomaşınlar şəhərin müxtəlif yerlərində müvəqqəti iş axtaran insanlara səyyar şəkildə xidmət etmək üçün lazımi texniki avadanlıqlarla təmin edilib. Səyyar Əmək Birjaları müvəqqəti iş axtaranlara əmək bazarındakı vəziyyət barədə məlumat verəcək və onların iş yerləri ilə təminatına yardım göstərəcək, peşəyönümü söhbətlər aparacaq, vətəndaşları peşə hazırlığı və əlavə təhsil, həmçinin haqqı ödənilə ictimai işlər barədə məlumatlandıracaq. Hüquqi və fiziki şəxslərdən bu və ya digər peşə üzrə müvəqqəti işləri yerinə yetirmək üçün işçi sifarişlərinin qəbulu və müvəqqəti iş üçün müraciət edən vətəndaşlara həmin sifarişlər üzrə peşə və ixtisaslarına uyğun iş yerinin təklif olunması üçün həmin avtomaşınlarda mərkəzi serverlə birbaşa əlaqə imkanı yaradılıb.

Kollegiya iclasında çıxış edən nazir Fizuli Ələkbərov Azərbaycan Prezidenti cənab İlham Əliyevin düzgün düşünülmüş və məqsədyönlü siyasəti sayəsində ölkəmizin iqtisadi inkişaf dinamikasının davam etdiyini, sosial-iqtisadi göstəricilərin ötən il də yüksəldiyini, respublikanın iqtisadi imkanlarının artması şəraitində əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində işlərin daha geniş vüsət aldığını bildirib.

Ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi, bütün sosial məsələlərin vaxtında və yüksək səviyyədə həllini tapması ilə bağlı möhtərəm ölkə rəhbərinin qarşıya qoyduğu vəzifələrin reallaşması istiqamətində nazirlik tərəfindən görülən işlərin 2011-ci ildə də əzmlə davam etdirildiyini deyən nazir əsas məqsədin dövlət qayğısının aztəminatlı vətəndaşlara daha layiqli səviyyədə, şəffaf və ədalətli, ünvanlılıq prinsipi əsasında çatdırılması olduğunu vurğulayıb.

İclasda ünvanlı dövlət sosial yardımının təyinatı, qeyri-məşğul vətəndaşların məşğulluğunun təminatı, əlillərin tibbi-sosial reabilitasiyası, iş yerlərində əmək qanunvericiliyinin tətbiqinə dövlət nəzarətinin həyata keçirilməsi, yeni sosial layihələrin icrası, vətəndaş cəmiyyətləri ilə əməkdaşlıq və digər sahələrdə görülən işlər, həmçinin qarşıda duran vəzifələr geniş müzakirə olunub və struktur rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əhalinin sosial müdafiəsinin gücləndirilməsi, aztəminatlı əhali qruplarına dövlət qayğısının layiqli səviyyədə çatdırılması, aktiv sosial müdafiə tədbirlərinin həyata keçirilməsi istiqamətində görülən işlər ölkəmizin davamlı inkişaf dinamikasına uygun olaraq, 2011-ci ildə də uğurla davam etdirilib.