Nazirlikdə TÜSİAB ilə görüş

nazirlikde-tusiab-ile-gorus
Oxunma sayı: 646

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, görüşdə çıxış edən ƏƏSMN-i yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMXİ) rəis müavini Rauf Tağıyev bildirib ki, sentyabrın 11-də Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasında ölkələrimiz arasında qardaşlıq, tərəfdaşlıq münasibətlərinin yüksələn xətlə inkişaf etdiyi bir daha təsdiqini tapıb.

Tədbirdə bildirilib k, Türkiyə iş adamlarının yatırımları xüsusən ölkəmizin qeyri-neft sektorunda öz həcminə görə ilk sıralarda yer alıb. Görüşdə türk iş adamlarına məxsus müəssisələrdə əmək qanunvericiliyinə əməl olunması sahəsində vəziyyət təhlil olunub, eyni zamanda, ƏƏSMN-nin yanında DƏMXİ tərəfindən TÜSİAB-a üzv şirkətlərdə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirilərkən aşkar edilmiş pozuntu faktları, əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsi zərurəti bir daha diqqətə çatdırılıb. Tədbirdə həmçinin əmək qanunvericiliyindən irəli gələn tələblər barədə ətraflı məlumatlar verilib, dövlət nəzarəti həyata keçirilərkən əmək müfəttişləri tərəfindən yoxlanılan norma və qaydalar toplusu TÜSİAB üzvlərinə paylanılıb.

Qeyd edək ki, Türkiyə iş adamlarının respublikamızda iş qurmalarında Azərbaycan Türk Sənayeçi və İşadamları Beynəlxalq Cəmiyyəti – TÜSİAB önəmli bir rola malikdir. 1994-cü ilin noyabrında qurulan bu təşkilat qardaş ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına mühüm töhfələr verir. Hazırda TÜSİAB 30 mindən çox işçi tutumuna malik olan 230-dan çox müəssisəni özündə birləşdirir. Bu mənada ƏƏSMN-nin bu təşkilatla əməkdaşlığı xüsusi önəm kəsb edir.

Gülnar