Nazirlikdən Heydər Əliyev adına universitetin bağlanmasına - Reaksiya

Nazirlikdən Heydər Əliyev adına universitetin bağlanmasına
Oxunma sayı: 5259

Təhsil Nazirliyi Gürcüstanda Heydər Əliyevin adını daşıyan Gürcüstan-Azərbaycan Tədris Universitetinin bağlanması ilə bağlı məlumat yayıb.

"Qafqazinfo"ya nazirlikdən daxil olan məlumatda bildirilir ki, Təhsil Nazirliyi ümummilli liderin adının müvafiq razılıq olmadan Gürcüstan-Azərbaycan Tədris Universitetinə verilməsi ilə bağlı narahatçılığını bir müddət öncə Gürcüstan Respublikasının Elm və Təhsil Nazirliyinə müvafiq qaydada çatdırıb.

Təhsil sahəsində fəaliyyət göstərən qurumlara ümummilli liderin adı xüsusi razılıq əsasında və müvafiq dövlət qurumlarının rəyi nəzərə alınaraq verilə bilər.

Qeyd edək ki, Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universitetinin fəaliyyəti dayandırılıb. Həmin təhsil müəssisəsinin lisenziyasını Gürcüstanın Elm və Təhsil Nazirliyinin Təhsilin Keyfiyyətli İnkişafının Qiymətləndirilməsi Mərkəzi ləğv edib.

Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universiteti 2008-ci ildən Gürcüstanın Kvemo-Kartli bölgəsində ümummilli liderimizin adını daşıyaraq fəaliyyət göstərib. Bu təhsil müəssisəsi ümummilli liderimizin adının universitetə verilməsi ilə bağlı Azərbaycan Respublikasının aidiyyəti qurumlarından heç bir razılıq almayıb.
Belə ki, ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi Azərbaycan Respublikası Prezidentinin 10 mart 2004-cü il tarixli Fərmanı ilə tənzimlənir.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi