Nazirlikdən pulsuz yazılan dərslikləri pulla satanlara xəbərdarlıq

nazirlikden-pulsuz-yazilan-derslikleri-pulla-satanlara-xeberdarliq-
Oxunma sayı: 643

APA-nın xəbərinə görə, Təhsil Nazirliyi dərsliklərin bütün məktəblərə vaxtında çatdırılmasını və pulsuz olmasını bəyan etsə də, problem hələ də həllini tapmayıb və valideynlər arxasına “PULSUZ” yazılan dərslikləri pulla almaq məcburiyyətində qalıblar.

Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı APA-ya açıqlamasında bildirib ki, artıq respublikadakı bütün məktəblərdə dərslik problemi demək olar ki, həllini tapıb. Onun sözlərinə görə, dərsliklərlə bağlı problemlərin böyüdüyü və gecikmələrin olduğu məktəblərdə direktorlar birbaşa məsuliyyət daşıyırlar: “Hər bir məktəb direktoru bilir ki, onun məktəbində hansı problem var və şagirdin dərsliklə təminatı nə yerdədir? Direktorlar ilk növbədə bunu həll etməlidirlər”.

Şöbə müdiri qeyd edib ki, dərsliklərlə bağlı paytaxt məktəbləri Bakı şəhəri üzrə Təhsil İdarəsinə, rayonlar üzrə isə nazirliyə məlumat verməlidirlər: “Elə məktəblər var ki, valideynlər dərsliklərlə bağlı bizə müraciət edir, amma məktəb direktorunun bundan xəbəri olmur. Bu çox pis haldır. Bəzən heç məktəbin direktoru ilə bağlı problem olmur, valideyn sinif rəhbəri ilə görüşür, sinif rəhbəri deyir ki, dərslik yoxdur, o da bizə müraciət edir. Valideynlər əvvəlcə məktəb rəhbərliyinə müraciət etməlidir. Direktor da bu problemləri bizə bildirməlidir”. F.Şahbazlı yeni tədris ilində valideynlər tərəfindən nazirliyə 15-dək belə müraciət daxil olduğunu və onların dərhal həll edildiyini deyib.

F.Şahbazlı deyib ki, nazirlikdə respublikanın hər bir rayonu üzrə məktəblərdəki şagird kontingentinin əks olunduğu hesabat var. Dərsliklərin paylanılması bu hesabat üzrə həyata keçirilir: “Yalnız I siniflər üzrə dərsliklər proqnoz üzrə verildiyinə görə müəyyən problemlər yarana bilir. Amma yuxarı sinif şagirdləri öz sayında qalır. Şagirdlər 3-cü sinifdən 4-ə, 4-dən 5-ə və s. yuxarı siniflərə keçirlər, biz bunu izləyirik. Amma heç kəs əvvəlcədən bilmir ki, bu il hansısa valideyn kənddən şəhərə köçəcək və övladları məktəbini dəyişəcək. Başqa məktəbdən gələn uşaqların dərslikləri gəldiyi məktəbdən sənədlərlə birlikdə yeni məktəbə göndərilməlidir. Bu məsələlər tənzimlənməlidir. Nazirliyin dərslik çatışmazlığı ilə bağlı yaranan bütün problemləri dərhal aradan qaldırmaq imkanı var”.

Şöbə müdiri arxasına “PULSUZ” yazılan kitabların mağaza və bazarlarda satılması məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, Təhsil Nazirliyinin sifarişi əsasında mətbəələrdə hazırlanan və arxasına “PULSUZ” yazılan dərslikləri bazara çıxaranlar nəşriyyat və poliqrafiya müəssisələridir: “Biz onlara əvvəlcədən tövsiyə etmişik ki, üzərinə “PULSUZ” sözü yazılan dərsliklər satışa çıxarılmasın. Dərslikləri sifariş edəndə deyirik ki, onların arxasına “PULSUZ” yazılsın. Müqaviləmizə uyğun sayda dərsliklərimizi alırıq və məktəblərə veririk. Amma pulsuz kitabların mağaza və bazarlarda satılması halları da var və bu işlə məşğul olmaq üçün ayrı-ayrı strukturlar mövcuddur. Biz mağaza və bazarlarda belə bir təftiş apara bilmərik, bunun üçün səlahiyyətimiz də yoxdur”.

“XXI əsr Təhsil Mərkəzi”nin rəhbəri Etibar Əliyev isə APA-ya bildirib ki, cildinə “PULSUZ” yazılan bütün dərsliklər mağaza və bazarlardan yığılaraq müsadirə edilməlidir: “Məktəblərdə dərslik çatışmazlığının olduğu bir vaxtda metro keçidlərində, bazarlarda dərsliklər satılır. Belə çıxır ki, dərsliklər şagirdlərin sayı qədər çap olunub, sinifdən sinfə ötürülüb, əlavə çap edilənlərsə satışa çıxarılır. Buna ciddi nəzarət edilməli və həmin kitablar müsadirə olunaraq məktəblərə qaytarılmalıdır. Çünki onlar dövlətin vəsaiti hesabına çap olunan dərsliklərdir və şagirdlərə pulsuz paylanmalıdır”. E.Əliyevin sözlərinə görə, hazırda məktəblərdə ingilis dili və kurrikulumla bağlı köməkçi materialların da çatışmazlığı var və onları da valideynlər pulla alır: “Əgər dövlət məqsəd qoyubsa ki, dərsliklər şagirdlərə pulsuz paylanılmalıdır, dövlətin bu iradəsini icra etmək lazımdır. Yeni dərs ilinin başlamasından 20 gün keçib, bəzi şagirdlərin kitabsız olması çox pis haldır”. Mərkəz rəhbəri onu da qeyd edib ki, dərsliklər çap edilərkən ölkədə bütün siniflər üzrə şagirdlərin sayı dəqiqləşdirilməlidir: “Təhsil Nazirliyi, Dövlət Statistika Komitəsi yeni tədris ilində məktəbə gedəcək birinci sinif şagirdlərinin sayını açıqlayır. Eləcə də 11-ci sinfədək bütün şagirdlərin sayı məlum olur. Bu say əvvəlcədən bilindiyinə görə dərsliklərin bu saydan 2 faiz artıq çap edilməsi bütün problemləri həll etmiş olar”.

E.Əliyev məktəblərdə dərslik çatışmazlığına səbəb olan digər bir məsələyə də toxunub. Onun sözlərinə görə, bu, dərsliklərin keyfiyyəti ilə bağlıdır. E.Əliyev bildirib ki, nazik vərəqlərdə çap edilən kitablar tez sıradan çıxır: “Dərslikləri çap etdirərkən onları daha keyfiyyətli hazırlayan mətbəələrə üstünlük verilməlidir. Keyfiyyətsiz kitablar növbəti il istifadəyə yaramır və onların bir hissəsi it-bata düşür. Bu problemləri aradan qaldırmaq üçün heç olmasa, Təhsil Nazirliyi kitabların sayını planlaşdırılan saydan 2 faiz artıq çap etdirməlidir”.

Təhsili Nazirliyi nəzdində Dərsliklərin Qiymətləndirilməsi Şurasının sədri Elmina Kazımzadə APA-ya bildirib ki, ilk növbədə dərslikləri paylamanın hansı pilləsində gecikmə əmələ gəldiyini araşdırmaq lazımdır: “Bəlkə məktəb direktoru tələbatla bağlı nazirliyə düzgün məlumat çatdırmayıb? Məktəblərə dərsliklər gec çatdırılıb, yoxsa məktəb paylamanı ləngidir. Bütün bunlar araşdırılmalıdır”. E.Kazımzadənin sözlərinə görə, məktəblərdə dərsliklərin paylanmasına valideynlər tərəfindən ictimai nəzarət həyata keçirilə bilər: “Dərsliklər şagirdlərə verilir və ona görə valideynlər burada əsas maraqlı tərəflərdən biridir. Valideyn Şurasının tam haqqı var ki, məktəbə verilən dərsliklərin, paylanılan dərsliklərin sayı haqında məlumat alsın. Onlar kitabların paylanılması prosesinə nəzarət edə bilərlər. Hətta kitabların keyfiyyəti barədə nazirliyə müraciət etmələri mümkündür. Bu, dərsliklərin keyfiyyətinin təkmilləşdirilməsinə xeyli köməklik göstərə bilər”.

E.Kazımzadə qeyd edib ki, dərsliklərin keyfiyyətinə verilən tələblər nazirlik tərəfindən müəyyən olunur və burada məsuliyyət mətbəələrin də üzərinə düşür: “Çapa gedən bütün kitabların kağızının çəkisinə nazirlik və mətbəə tərəfindən nəzarət olunur. Müəyyənləşdirmək lazımdır ki, dərsliyin vərəqinin nazikliyi standarta uyğun deyil, yoxsa çapda olan problemdir”. Şura sədri deyib ki, məktəblərdə dərsliklərlə davranma mədəniyyəti də aşılanmalıdır: “Xaricdə bu məqsədlə dərsliklərin üzərinə hər bir istifadəçinin adı yazılır. Bununla da dərsliyin istifadəsində məsuliyyət artır. Bizdə də bu mədəniyyəti aşılamaq lazımdır”.