Nazirlikdən Sosial Sığınacaqla bağlı yayılmış xəbərlərə - Münasibət

Nazirlikdən Sosial Sığınacaqla bağlı yayılmış xəbərlərə
Oxunma sayı: 1018

“Sosial Sığınacağa  müvafiq şəxslərin qəbulu üçün onlardan hansısa sənədlərin tələb olunması barədə yazılanlar doğru deyil”.

Bu barədə “Qafqazinfo”ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev Sığınacağa qəbul üçün şəxsiyyət vəsiqəsi və sağlamlıq arayışının tələb olunduğu ilə bağlı yayılan xəbərlərə münasibətində bildirib.

Qurum rəsmisinin sözlərinə görə, yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağın fəaliyyətə başlaması yeni sosial müdafiə əhəmiyyətli bir tədbir olmaqla, yaşayış yeri olmayan insanların dövlət tərəfindən himayə olunduqlarını, onların ən çətin vəziyyətlərində taleyin ümidinə buraxılmadıqlarını göstərir: 

“Bununla belə, bəzi KİV-lərdə bu tədbirlə bağlı aidiyyəti mənbədən heç bir məlumat alınmadan və dəqiqləşdirmə aparılmadan qeyri-obyektiv fikirlərin ifadə olunması təəssüf hissi doğurur. Belə yazılarda yaşayış yeri olmayan şəxslərin sığınacağa qəbulu üçün onlardan şəxsiyyət vəsiqəsi, sağlamlıq arayışı tələb olunduğu, həmin insanların isə mövcud vəziyyətlərində belə sənədlərinin olmadığı  bildirilir, bununla sığınacağa qəbul prosedurunun guya mürəkkəbliyini  sübut etməyə cəhd olunur.

İlk növbədə diqqətə çatdırırıq ki, Sosial Sığınacağa  müvafiq şəxslərin qəbulu üçün onlardan hansısa sənədlərin tələb olunması barədə yazılanlar müəllifin sadəcə öz təxəyyülünün məhsuludur. Belə ki, məlumat verildiyi kimi, daxili işlər və yerli icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər müəyyən edilərək, onların Sosial Sığınacağa yerləşdirilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında  Dövlət Sosial Müdafiə Fonduna müraciət olunur. Yəni həmin qurumlar müvafiq şəxsin kimliyini müəyyən etdikdən sonra onun Sosial Sığınacağa yerləşdirilməsi ilə bağlı müraciət edirlər. 

Şəxs sığınacağa qəbul olunarkən ondan sağlamlıq arayışı da tələb olunmur və müəssisədə ilkin tibbi müayinə əsasında onun yoluxucu xəstəliklərinin olub-olmadığı müəyyən olunur. (Belə xəstəliyi olarsa, həmin şəxs aidiyyəti üzrə stasionar müalicə müəssisəsinə göndərilir)

Əgər şəxs özü sosial sığınacaqda yerləşmək üçün müraciət edərsə belə, onun üzərində sənədlərinin olub-olmamasından asılı olmayaraq, sosial sığınacaqda yerləşməyə  tələbatı olduğu halda müəssisəyə qəbul edilməsi təmin edilir. Yalnız bundan sonra aidiyyəti orqanla birgə araşdırılaraq onun kimliyi müəyyən olunur.  Yəni sosial sığınacaqda yerləşməyə tələbatı olan heç bir şəxs (yoluxucu xəstəlikləri olmadığı halda) sosial sığınacaqdan kənarda qalmır”.

Xatırladaq ki, yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-Pirşağı yolu 1-ci km. 33 A ünvanında yerləşir. Burada müəyyən yaşayış yeri olmayan 18 yaşından yuxarı şəxslərin qanunvericilikdə nəzərdə tutulan müddətdə (180 gündən çox olmamaqla) yaşaması, onlara sosial-məişət və sosial-hüquqi xidmətlərin göstərilməsi üçün müasir tələblərə uyğun şərait yaradılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi