Nazirliyin Aparat rəhbəri yeni tikililərlə tanış olub

nazirliyin-aparat-rehberi-yeni-tikililerle-tanis-olub
Oxunma sayı: 641

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, E. Kələntərov həmçinin Müharibə və Əmək əlilləri üçün Pansionatın əsas korpusunda, 9 saylı Buzovna İxtisaslaşdırılmış ruhi-əsəb internat evində, Ramana Gənc Əlillərin Əmək və İstirahət Evində aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub.
Aparılan tikinti işlərinin gedişatından razı qaldığını bildirən nazirlik rəsmisi, bununla yanaşı, əlilliyi olan şəxslər üçün sosial-məişət şəraitinin qurulması zamanı həmin insanların bu binalarda çətinlik çəkmədən, maneəsiz hərəkət imkanlarına malik olmasının vacibliyini diqqətə çatdıraraq, bu məqsədlə əlil insanlarla bağlı mütərəqqi beynəlxalq təcrübədən irəli gələn tikinti standartlarına əməl olunmasını tapşırıb.
E. Kələntərov eyni zamanda inşa işlərində yeni mərkəzlərin fəaliyyət profilinin ciddi şəkildə diqqətdə saxlanılması, tikinti, təmir və yenidənqurma işlərinin müasir tələblərə uyğun yerinə yetirilməsi, bu işlərdə daha keyfiyyətli inşaat materiallarından istifadə olunması, obyektlərin ərazilərində abadlıq və yaşıllaşdırma işlərinin yüksək səviyyədə aparılması və s. barədə müvafiq tapşırıqlarını verib.

Qeyd edək ki, yaxın gələcəkdə ölkənin daha 10 bölgəsində Yetkinlik yaşına çatmayanlar üçün Sosial Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq yaradılacaq. Həmçinin, paytaxtın Nərimanov rayonunda gözdən əlillər üçün inşa edilən 12 mərtəbəli 132 mənzilli yaşayış evi istifadəyə veriləcək və mənzil növbəsində dayanan 240 nəfər gözdən əlil mənzillə təmin olunacaq.

Bilgəh Müharibə və Əmək Əlilləri üçün Pansionatın ikinci korpusu tikiləcək.

Nigar Məmmədli